Polis Daur Buavanın ölümü faktı ilə bağlı aparılan istintaq çərçivəsində iki evdə axtarış aparıb və narkotik vasitələrin əldə edilməsi və saxlanılması ittihamı ilə iki nəfəri saxlayıb

13:12, 30.08.2026

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları, Daur Buavanın ölümü faktı üzrə aparılan istintaq çərçivəsində müəyyən edilmiş halları əsasında Tbilisidə yerləşən iki yaşayış evində axtarış aparıb və narkotik vasitələrin əldə edilməsi və saxlanılması ittihamı ilə iki nəfəri saxlayıblar.

DİN-in məlumatına görə, keçirilmiş axtarış nəticəsində 10 bükümdə qablaşdırılmış müxtəlif növ narkotik vasitə – “marixuana” və “metadon” maddi sübut kimi müsadirə edilib.

Cinayət işi üzrə aparılan istintaqla, o cümlədən dindirilmələrlə təsdiqlənir ki, saxlanılan hər iki şəxs Daur Buava və onun polisin dünən saxladığı qadın dostu ilə tanış olub.

“İstintaq çərçivəsində həmçinin müəyyən edilib ki, narkocinayət ittihamı ilə saxlanılan şəxslərdən biri qadın dostuna narkotik vasitəni təmənnasız verib. Həmin qadın bu narkotik vasitəni Daur Buava ilə birlikdə qəbul edib, daha sonra isə onu həyatı üçün təhlükəli vəziyyətdə qoyaraq kömək üçün heç kimə müraciət etməyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Daur Buavanın işi üzrə aparılan istintaq çərçivəsində, avqustun 29-da xarici ölkə vətəndaşını təhlükədə qoyma ittihamı ilə saxlayıblar. Cinayət işi üzrə müavfiq istintaq hərəkətləri davam etdirilir”, – yayılan məlumatda deyilib.

Oxşar