Piter Siyarto - Zelenskidən fərqli olaraq, Macarıstanın mövqeyi xaricdən diktə edilmir, bizim üçün yalnız macar xalqının fikri önəmlidir və Macarıstan Ukraynanın Avropa İttifaqına üzv olmasını dəstəkləməyəcək
Bizim üçün yalnız macar xalqının fikri önəmlidir və Macarıstan Ukraynanın Avropa İttifaqına üzv olmasını dəstəkləməyəcək, – bu barədə Macarıstanın xarici işlər naziri Piter Siyarto sosial şəbəkədə yazıb.
Siyarto Volodimir Zelenski ilə Avropa Şurasının sədri Antonio Koşta arasında bugünkü görüşünə və Ukrayna prezidentinin Macarıstanla bağlı bəyanatlarına münasibət bildirir.
“Bu gün Ukrayna prezidenti Volodimir Zelenski Antonio Koşta ilə görüşüb və təbii ki, həmişə olduğu kimi Macarıstanla bağlı bəyanatlar verib. Zelenskinin sözlərinə görə, Macarıstanın Ukraynanın Avropa İttifaqına üzvlüyünü rədd etməsi “qəribədir”, çünki hətta Rusiya belə buna qarşı çıxmır. Bir daha deyirəm, Zelenski öz standartları ilə mühakimə edir. Zelenskidən fərqli olaraq, Macarıstanın mövqeyi xaricdən diktə olunmur. Bizim üçün Moskvanın Ukraynanın Avropa İttifaqına üzvlüyü barədə nə düşündüyü maraqlı deyil. Bizi maraqlandıran yeganə şey macar xalqının nə düşündüyüdür və onlar açıq şəkildə bildirdilər: onlar Ukraynanın Avropa İttifaqına üzv olmasını istəmirlər,Çünki bu, bizim fermerlərimizi, əmək bazarımızı və təhlükəsizliyimizi məhv edəcək. Ona görə də Zelenskinin Rusiyanın təsiri ilə bağlı nə kimi ümidləri olursa-olsun, Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləməyəcək”, – Siyarto yazır.