Piter Siyarto - Viktor Orban və Donald Tramp Vaşinqtonda digər məsələlərlə yanaşı,  ABŞ-ın rus neft şirkətlərinə tətbiq etdiyi sanksiyaları da müzakirə edəcəklər
Piter Siyarto - Viktor Orban və Donald Tramp Vaşinqtonda digər məsələlərlə yanaşı, ABŞ-ın rus neft şirkətlərinə tətbiq etdiyi sanksiyaları da müzakirə edəcəklər

Növbəti həftə Vaşinqtonda Macarıstanın Baş Naziri Viktor Orban və ABŞ Prezidenti Donald Tramp digər məsələlərlə yanaşı, ABŞ-ın rus neft şirkətlərinə tətbiq etdiyi sanksiyaları müzakirə edəcəklər. Bu barədə Macarıstanın Xarici İşlər naziri Piter Siyarto bildirib.

“Enerji təchizatına gəlincə, baş nazir gələn həftənin ikinci yarısında Vaşinqtonda bu məsələni ABŞ prezidenti ilə şəxsən müzakirə etmək imkanı əldə edəcək”, – Siyarto bildirib.

Siyartonun dediyinə görə, ABŞ-ın yeni sanksiyaları noyabrın sonuna qədər qüvvəyə minməyəcək və hazırda heç bir problem yaratmır və Rusiyadan Macarıstana neft idxalının azalmasına səbəb olmur.

Bundan əvvəl Viktor Orban bildirib ki, o, ABŞ-ın Rusiya neft şirkətlərinə qarşı sanksiyalarından yan keçməyin yolları üzərində işləyir.

Məlumat üçün bildirək ki, ABŞ Maliyyə Nazirliyi Rusiya’nın iki ən böyük neft şirkəti – “Rosneft” və “Lukoil”ə sanksiyalar tətbiq edib. Bundan başqa, sanksiyalar “Rosneft” və “Lukoil”in törəmə şirkətlərinə də şamil edilib. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərin Nəzarəti Ofisinin bəyanatında qeyd olunduğu kimi, yeni sanksiyaların məqsədi Rusiya enerji sektoruna təzyiqi artırmaq və Kremlin müharibəni davam etdirmək üçün gəlir əldə etmək imkanlarını məhdudlaşdırmaqdır.