Piter Siyarto bildirir ki, Haaqa məhkəməsinin çıxardığı həbs orderinə baxmayaraq, Macarıstan Vladimir Putini hörmətlə qəbul edəcək
Macarıstanın Xarici İşlər Naziri Piter Siyarto bildirir ki, Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı həbs orderinə baxmayaraq, Macarıstan Rusiya prezidenti Vladimir Putini ölkədə hörmətlə qəbul edəcək.
Onun dediyinə görə, Rusiya Prezidenti amerikan həmkarı ilə görüşmək üçün Budapeştə gələndə həbsdən qorxmamalıdır. Siyartonun bildirdiyinə görə, Tramp-Putin görüşünün tarixi və əlavə təfərrüatlar üç ölkənin rəsmi şəxsləri görüşün hazırlıq detalları barədə müzakirələri tamamladıqdan sonra məlum olacaq.
Biz Amerika və Rusiya prezidentlərinin sakit və təhlükəsiz şəraitdə danışıqlar aparması üçün müvafiq şərait yaratmağa hazırıq. Macarıstan Avropanın ən təhlükəsiz və dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Müvafiq olaraq, danışıqların təhlükəsiz mühitdə aparıla biləcəyi yer varsa, o yer məhz buradır“, – Macarıstanın xarici işlər naziri jurnalistlərə söhbətində qeyd edib.
Bununla yanaşı, Piter Siyartonun bildirdiyinə görə, Putin Macarıstana daxil olub, sonra isə heç bir problem yaşamadan öz vətəninə qayıda biləcək.
“Prezident Vladimir Putinin gəlişini səbirsizliklə gözləyirik. Onun Macarıstana daxil olması, uğurlu danışıqlar aparması və vətəninə qayıtması üçün hər cür şəraiti yaradacağıq. Heç kimin razılığına ehtiyac yoxdur”, – Siyarto qeyd edib.
Məlumat üçün bildirək ki, Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin mart ayında Rusiya Prezidenti barəsində həbs orderi çıxarıb. Bu isə o deməkdir ki, Vladimir Putin Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olan istənilən dövlətə səfər edərsə, həbs oluna bilər.