Pit Heqset – Təəssüf ki, Avropanın sahilləri müxtəlif təhlükəli ideologiyaların hücumuna məruz qalır, qayıqlar və insanlar gəlir, avropanın paytaxtları bu işğala qarşı nə vaxt tədbir görəcək? Yoxsa artıq gecdir?
Təəssüf ki, bu gün Avropanın müxtəlif sahillərinə müxtəlif təhlükəli ideologiyalar hücum edir, – bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset Fransada D-Day kimi tanınan desant hərbi əməliyyatının 82-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
“İspaniya və İtaliya sahilləri; Yunanıstan və Bolqarıstan sahilləri. Qayıqlar və insanlar gəlir. Avropanın paytaxtları bu işğala qarşı nə vaxt hərəkətə keçəcək? Yoxsa artıq gecdir? Ümid edirəm və inanıram ki, xeyr. Burada döyüşən və canından keçən kişi Avropada azadlığı yenidən bərpa etdi. Bu azadlıq liderlərin və döyüşçülərin indiki nəsli tərəfindən qorunub saxlanmalıdır, əks halda onların uğrunda vuruşduqları hər şey yalnız müvəqqəti olacaq. Bu gün, getdikcə daha mürəkkəb təhlükələrlə qarşılaşdığımız bir vaxtda, 82 il əvvəl bu sahildə öyrənilən dərsləri xatırlayırıq. Hər biri öz rolunu tam yerinə yetirməyə sadiq olan güclü müttəfiqlər müharibələrdə qalib gəlirlər. Burada dəfn olunan insanlar hər bir tərəfdaşın tam fədakarlıq, cəsarət və qəhrəmanlıq nümayiş etdirdiyi bir hərbi alyansda vuruşublar. Nə boş şüarlar, nə dəbdəbəli sammitlər, nə də kommunikelər – əsl müttəfiqlər uğrunda vuruşmağa və ölməyə dəyər olan ortaq məqsəd üçün real işlər görən, real itkilərə qatlaşanlardır. Hər bir millət öz üzərinə düşəni etdi. Hər bir millət qan tökdü. Amerika lider olacaq və bu, belə də olmalıdır, lakin kritik məqamda fəaliyyət qabiliyyətinə malik müttəfiqlər yanımızda, çiyin-çiyinə durmalıdırlar”, – Heqset qeyd edib.