Petr Pavel - Kiminsə Ukrayna, Avropa, ABŞ və Rusiya arasında qısa müddətdə razılaşma əldə olunacağı ilə bağlı gözləntisi sadəlövhlük olardı
Petr Pavel - Kiminsə Ukrayna, Avropa, ABŞ və Rusiya arasında qısa müddətdə razılaşma əldə olunacağı ilə bağlı gözləntisi sadəlövhlük olardı

Kiminsə Ukrayna, Avropa, ABŞ və Rusiya arasında qısa müddətdə razılaşma əldə olunacağı ilə bağlı gözləntisi sadəlövhlük olardı, – bu barədə Çexiya prezidenti Petr Pavel bildirib.

Pavelin dediyinə görə, Ukraynada müharibənin başa çatması ilə bağlı razılaşmanın qısamüddətli perspektivdə əldə olunması Rusiyanın mövqeyinə görə az ehtimal olunur.

Jurnalistin Ukraynadakı müharibənin bitməsi ilə bağlı danışıqları faydasız hesab edib-etmədiyi barədə sualına Pavel cavab verib ki, hər şey nəticədən gözləntilərindən asılıdır.

“Əgər kiminsə Ukrayna, Avropa, ABŞ və Rusiya arasında qısa müddətdə razılaşma əldə olunacağı ilə bağlı gözləntisi varsa, bu sadəlövhlük olardı. Bu müddət ərzində müxtəlif tərəflərdən eşitdiyimiz bir neçə ziddiyyətli bəyanatı nəzərə alsaq, Ukrayna, Avropa və ABŞ-ın mövqelərinin yaxınlaşması artıq böyük uğurdur. Əhəmiyyətli olan Ukrayna ilə onun tərəfdarları arasında razılaşma deyil, müharibə aparan tərəflə, yəni Rusiya ilə sülh müqaviləsinin şərtləri barədə razılaşmadır”, – Pavel bildirib.

Petr Pavelin dediyinə görə, Rusiya hələlik güzəştə getmək istəyini göstərməyib.

“Onun hələ də Ukraynaya məhdudiyyətlərin tətbiqi və Ukraynanın, xüsusən də ərazilərinin gələcəyi ilə bağlı maksimalist məqsədləri var. Buna görə də Rusiyaya qarşı siyasi, maliyyə və iqtisadi təzyiqi davam etdirmək vacibdir. Həmçinin, danışıqlarda özlərini daha az əlverişli mövqedə tapmamaları üçün Ukraynanı dəstəkləməyə davam etmək çox vacibdir. Tarix bizə öyrədir ki, danışıqlar yalnız hər iki tərəf nisbətən əlverişli vəziyyətdə olduqda uğurlu ola bilər. Əgər bu belə deyilsə, əlverişli mövqedə olan tərəflərdən biri həmişə münaqişəyə son qoymaq əvəzinə, onu uzatmaq istəyəcək”, – Çexiya Prezidenti qeyd edib.