Peter Madiar – Qarşıda bizi ən kritik beş gün gözləyir, ən isti günlərin başlamasına baxmayaraq, “Pakş” Atom Elektrik Stansiyası artıq elektrik enerjisi istehsal etməyəcək

19:27, 02.08.2026

Ölkə xüsusilə kritik beş gün keçirməli olacaq, çünki Dunay çayında su səviyyəsinin kəskin azalması səbəbindən ölkənin yeganə atom elektrik stansiyası fəaliyyətini dayandırır. Bu barədə məlumatı “Reuters” agentliyi yayır.

Dörd Rusiya istehsalı reaktoru ilə fəaliyyət göstərən, 2 giqavat gücündəki Macarıstanın “Pakş” Atom Elektrik Stansiyası hazırda ümumi istehsal gücünün təxminən 10%-i səviyyəsində işləyir. Buna səbəb Dunay çayında su səviyyəsinin rekord dərəcədə aşağı düşməsidir, çünki stansiyanın reaktorlarının soyudulması üçün Dunay çayının suyundan istifadə olunur.

Macarıstan Su Ehtiyatları Agentliyi Dunay çayında su səviyyəsinin növbəti günlərdə daha da aşağı düşəcəyini proqnozlaşdırır.

“Ən kritik beş gün qabaqdadır. Ən isti günlərin başlamasına və temperaturun 40 dərəcəyə çatacağına baxmayaraq, sabah “Pakş” atom elektrik stansiyası artıq elektrik enerjisi istehsalını dayandıracaq”, – deyə Madiar bildirib.

Onun sözlərinə görə, “enerji sistemi, kommunal xidmətlər və bütövlükdə ölkə nəhəng bir yüklənmə ilə üz-üzə qalacaq”

Madiar həmçinin qeyd edib ki, “Pakş”ın fəaliyyətinin dayandırılması bəlkə də bir neçə həftə davam edə bilər.

Su səviyyəsinin azalması artıq çayda gəmilərin hərəkətini məhdudlaşdırıb. Hökumətin məlumatına görə, Budapeşt ətrafı da daxil olmaqla, 100-dən çox şəhər və kənddə su istehlakına məhdudiyyətlər tətbiq edilib.

Macarıstanın baş naziri növbəti dəfə müəssisələri, dövlət qurumlarını, yerli özünüidarəetmə orqanlarını və əhalini axşam pik yüklənmə dövründə – saat 17:00-dan 22:00-dək elektrik enerjisi istehlakını əhəmiyyətli dərəcədə azaltmağa çağırıb.

Onun sözlərinə görə, hökumət iri müəssisələr üçün elektrik enerjisi istehlakına məcburi məhdudiyyətlər tətbiq etməyin zəruri olub-olmadığına qərar verəcək.

“Tisza” partiyasının sədr müavini Mark Radnainin qiymətləndirməsinə görə, bu enerji böhranı Macarıstana 100-dən 200 milyard forintədək (təxminən 315–630 milyon ABŞ dolları) başa gələcək, çünki idxal olunan elektrik enerjisinin qiyməti kəskin şəkildə artıb.

Oxşar