Pavel Herçinski - Biz Gürcüstanın və gözəl, qonaqpərvər gürcü xalqının zorakılıq, vətəndaş müharibəsi, yoxsulluq, çətinliklər və korrupsiyanın qaranlıq dövrlərinə qayıtmasına imkan verməməliyik
Gürcüstan yol ayrıcındadır, ölkənin gələcəyi hələ yazılmayıb. Lakin qarşıdakı həftələrdə və aylarda veriləcək qərarlar Gürcüstanın demokratiya, qanunun aliliyi və insan hüquqlarına əsaslanan Avropa ölkələri ailəsinin bir hissəsi olub-olmayacağını, yoxsa təəssüf ki, öz qaranlıq keçmişinə qayıdıb-qayıtmayacağını müəyyən edəcək, – bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski Brüsseldə Avropa Xarici Fəaliyyət Xidmətində keçirilən “Gürcüstan diqqət mərkəzində” adlı sənədli foto sərgisində bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı Gürcüstana namizəd statusu verərkən seçim etdi.
“Bu, böyük qürur və sevinc anı idi. O vaxtdan bəri, təəssüf ki, Gürcüstan artıq düzgün yolda deyil. Hakimiyyət alternativ, avtoritar model seçib və Gürcüstanı Avropa İttifaqından uzaqlaşdırır”, – “Netgazeti”nin yaydığı sitatda Herçinski qeyd edib.
Herçinski Gürcüstanın Avropaya inteqrasiya və demokratiya yoluna qayıdacağına ümid etdiyini bildirib.
“Mənim Gürcüstan xalqına əsas mesajım budur – “ümidinizi itirməyin”. Biz imkan verməməliyik ki, Gürcüstan və bu gözəl, isti, qonaqpərvər xalq yenidən zorakılığın, vətəndaş müharibəsinin, yoxsulluğun, çətinliklərin və korrupsiyanın qaranlıq dövrlərinə qayıtsın. Bu, onların layiq olduğu gələcək deyil. Hakimiyyət bizimlə əməkdaşlıq etmək istəyini ifadə etdiyi andan etibarən, biz Gürcüstanın Avropa İttifaqının üzvü olması üçün ona kömək etmək məqsədilə əlimizdən gələni edəcəyik”, – Herçinski bildirib.