Patriarxlıq taxtının varisi, Senaki və Çxorotsğunun mitropoliti Şio Mucirinin Pasxa bayramı ilə bağlı müraciəti
Ümumi Gürcüstanın patriarxlıq taxtının varisi, Senaki və Çxorotsğunun mitropoliti Şio Mucirinin Pasxa bayramı ilə bağlı müraciəti:
“Gürcüstan Pravoslav Kilsəsinin Tanrının xeyir-duasına layiq görülmüş mənəvi övladlarına
Hörmətli din xadimləri, baş keşişlər, möhtərəm yepiskoplar, dyakonlar, rahiblər, bütün Gürcüstanın sakinləri və ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimiz!
Məsih Dirildi!
Bu gün dünya sevinir və qeyd edir! Dünyanın Xilaskarı, həyatın başlanğıcı və mənbəyi olan Rəbbimiz ölülər arasından dirildi və cəhənnəmin qapılarını darmadağın etdi! Rəbb dirildi, şər zəncirləri qırıldı və şeytanın gücü məhv oldu! Rəbb dirildi və əbədi nur bütün yer üzünə yayıldı! Rəbb, Tanrımız dirildi və məhəbbət bütün bağlı və bəşər üçün qapalı qalan qapıları açdı!
Həzrətlərinin 49 illik fəaliyyəti hər birimiz üçün sevinc və ümid mənbəyi idi. Onun ata sevgisi, duası və qayğısı bütün Gürcüstana, hər bir insana şamil olunurdu…
Katolikos-Patriarxlıq yolunda çəkilən çoxillik zəhmət və daşınan xaç heç də asan olmayıb. Şəhidlik və fədakarlıq yolu onun gündəlik həyatı, hər əməli, hər düşüncəsi idi. O, ateist rejim tərəfindən təqib olunan, zəiflədilmiş və sıxışdırılmış bir irsi təhvil aldı və bizə bu gün ölkənin və cəmiyyətin həyatında son dərəcə mühüm rol oynayan yenidən qurulmuş Kilsə miras qoydu.
Onun zəhməti haqqında çox deyilib, çox yazılıb və hələ çox yazılacaq, lakin yəqin ki, həzrətlərinin qazandığı ən qiymətli nemət xristian inancının ən əsas fəziləti – sevgidir. Məhz bu sonsuz sevgi və imanın bəhrəsidir ki, həzrətlərinin vəfatından sonrakı günlərdə şahidi olduğumuz o möcüzə baş verdi. Bütün Gürcüstan, saysız-hesabsız insan seli fasiləsiz axınla, ehtiramla vəfat etmiş Patriarxa son ehtiramını bildirmək üçün üz tuturdu. Bir yumruq kimi birləşmiş xalq son ana qədər zəhmətkeş ruhani atanı sükutla, göz yaşları, sevgi və minnətdarlıqla yola saldı… Rəbbə və hər birinizə bu birliyə görə təşəkkür edirik!
Mərasimdə birbaşa iştirak edə bilməyən, lakin ruhən bizimlə olan və duaları ilə bizi gücləndirənlərə təşəkkür edirik…
Məhz bir-birimizə dayaq olmaq, dua, birlik və sevgi bizim kilsə və dövlət həyatımızı layiqincə davam etdirməyimizin təminatıdır. Qoy ölülər arasından dirilmiş Xilaskar bizə möhkəm iman, sevgi, sülh, həmrəylik və müdriklik bəxş etsin!
Məsih dirildi!
Tbilisi
Pasxa Bayramı, 2026-cı il”.