Parlament müxalifətinin nümayəndələri Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının üzvləri ilə görüşüblər
Parlament müxalifətinin nümayəndələri Gürcüstanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının üzvləri ilə görüşüblər.
Müxalifətin üzvləri: Teona Akubardia, Ana Natsvlişvili, Herman Sabo, Tamar Kordzaia, Xatuna Samnidze və Xatia Dekanoidzenin iştirak etdiyi görüşdə seçkiöncəsi mühiti müzakirə ediblər və 26 oktyabr parlament seçkilərinin əhəmiyyətindən danışıblar.
“Seçkiöncəsi mühitdən danışarkən, əlbətdə, ilk növbədə, “Gürcü Arzusu” sayəsində pisləşmiş qanunvericilik qeyd edilməlidir. Müşahidə missiyasının üzvləri ilə görüşdə bu məsələ haqda danışdıq. Görüşdə mən zorakı mühiti müzakirə etdim, bunun sübutunu “Gürcüstan Naminə” partiyası adından qonaqlara təqdim etdim” – Teona Akubardia bildirib.
“Avrooptimistlər” siyasi qrupunun üzvü Xatia Dekanoidze, müşahidə missiyasının üzvlərinin Gürcüstanda mövcud problemləri çox yaxşı bildiklərini deyib.
“Görüşdə tərəfdaşlarımızdan kifayət qədər ağır qiymətləndirmələr dinlədik. Onlar seçkiöncəsi dövrdə və seçki günü baş verəcək bütün qanun pozuntularının qeydə alınacağına və qiymətləndiriləcəyinə dair hazırlıq ifadə etdilər” – Xatia Dekanoidze qeyd edib.
“Lelo – Gürcüstan naminə tərəfdaşlıq” siyasi qrupunun üzvü Ana Natsvlişvilinin qeyd etdiyi kimi, 26 oktyabr seçkilərinin əhəmiyyətini həm ölkə daxilində, həm də Gürcüstanın tərəfdaşları yaxşı başa düşürlər.
“Bu seçkilər Gürcüstan üçün Rusiya ilə Avropa arasında, avtokratiya ilə azad ölkə arasında yol ayrıcı olacaq. Ona görə də bu, mühüm və tarixi seçkidir və ona yönəlik xüsusi diqqət və maraq məhz bunu təsdiqləyir. Biz bütün faktlar və tendensiyalar haqqında danışdıq, bu da sübut edir ki, hakimiyyət nə qanunu pozmaqdan, nə də zorakılıqdan çəkinir” – Ana Natsvlişvili bildirib.
Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.