Pakistanda dəmir yolu xəttinin yaxınlığında partlayış baş verib və nəticədə 16 nəfər həlak olub, hücuma görə məsuliyyəti "Bəlucistan Azadlıq Ordusu" təşkilatı öz üzərinə götürüb
Pakistanda dəmir yolu xəttinin yaxınlığında partlayış baş verib və nəticədə 16 nəfər həlak olub, hücuma görə məsuliyyəti "Bəlucistan Azadlıq Ordusu" təşkilatı öz üzərinə götürüb

Pakistanın cənub-qərb hissəsində, dəmir yolu xəttinin yaxınlığında güclü partlayış baş verib və nəticədə azı 16 nəfər həlak olub. “Associated Press”in məlumatına görə, 70-dən çox insan yaralanıb, onlardan da 20-sinin vəziyyəti kritikdir.

Medianın məlumatına görə, Kvetta şəhərində dəmir yolu xəttinin yaxınlığında bomba məhz sərnişin qatarı oradan keçərkən partlayıb. “Associated Press”in məlumatına görə, partlayış zamanı qatarın iki vaqonunda yanğın baş verib. Onların verdiyi məlumata əsasən, hücum adətən təhlükəsizlik qüvvələrinin yerləşdiyi ərazidə törədilib.

Partlayış yaxınlıqdakı bir neçə binaya və yol kənarında dayanan ondan çox avtomobilə ciddi ziyan vurub. Hücuma görə məsuliyyəti Pakistanın mərkəzi hökumətindən müstəqillik tələb edən qadağan olunmuş “Bəlucistan Azadlıq Ordusu” təşkilatı öz üzərinə götürüb.

Qruplaşmanın jurnalistlərə göndərdiyi bəyanatda qeyd edildiyinə görə, hədəf təhlükəsizlik qüvvələrinin nümayəndələrini daşıyan qatar olub.

“Biz günahsız mülki şəxslərin hədəfə alınmasını qətiyyətlə pisləyirik və insanların həyatını itirməsindən dərin məyusluq duyuruq. Terrorçu ünsürlər heç bir güzəştə layiq deyil”, – Bəlucistan əyalət hökumətinin nümayəndəsi Şahid Rind bildirib.

Bununla yanaşı, onun sözlərinə görə, partlayışdan sonra Kvetta xəstəxanalarında fövqəladə tibbi vəziyyət elan edilib və hadisənin araşdırılmasına başlanılıb.