Olivie Kurto Gəlirlər Xidmətinin rəhbəri İrakli Beraia ilə görüşüb
Fransa səfiri Olivie Kurto 12 martda Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri İrakli Beraia ilə görüşüb. Bu barədə Gürcüstandakı Fransa səfirliyi məlumat yayır.
Səfirliyin məlumatına görə, görüşdə 2022-ci ildən bəri əhəmiyyətli dərəcədə inkişaf edən Gürcüstan və Fransa gömrük xidmətləri arasında texniki əməkdaşlıq müzakirə olunub.
“Gömrük məsələlərində regional səviyyədə birlikdə həll etməli olduğumuz bir çox çağırış var: narkotik və siqaret ticarətinə qarşı mübarizə, həmçinin spirtli içkilərin məşhur markalarının saxtalaşdırılmasının qarşısının alınması.
Oxşar şəkildə, mövcud beynəlxalq kontekstdə prioritet beynəlxalq sanksiyaların aşılmasına yönələn cəhdlərin qarşısının alınmasıdır.
Hər iki tərəf operativ münasibətlərdə əldə edilən irəliləyişi və sərhəd keçid məntəqələrində ağır yük maşınlarının birgə yoxlanılmasının keyfiyyətini, həmçinin Gürcüstanın ümumi Avropa tranzit sisteminə inteqrasiyası üçün vacib olan ekspert missiyalarının həyata keçirilməsini təqdir edib”, – deyə Fransa səfirliyinin yaydığı məlumatda deyilib.