Olaf Şolts Ukrayna üçün 1,4 milyard avro dəyərində hərbi yardım paketinin verilməsi barədə bildirib
Almaniya kansleri Olaf Şolts Ukrayna üçün 1,4 milyard avro dəyərində hərbi yardım paketinin verilməsi barədə bildirib. Bu barədə Şolts Almaniyada Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.
Olaf Şolts Volodimir Zelenskiyə deyib ki, bu, Rusiyaya Qərbin Kiyevə dəstəyini dayandırmayacağına dair siqnaldır.
“Bu, Putin üçün açıq mesajdır –vaxt keçirmək işləməyəcək. Biz Ukraynaya dəstəyi dayandırmayacağıq”, – Şolts bildirib.
Yardım tərəfdaş ölkələr – Belçika, Danimarka və Norveç ilə bərabər verilir və hava hücumundan müdafiə sistemlərini, tankları, pilotsuz uçuş aparatlarını və artilleriyaı əhatə edir.
Öz növbəsində Volodimir Zelenski Almaniya kansleri ilə görüşünün əhəmiyyətini vurğulayıb.
“Gələn il də yardımın azalmaması bizim üçün çox vacibdir” – Volodimir Zelenski Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Zelenski Ukraynanın “qələbə planı”nı təqdim etmək üçün cari həftə Avropadakı müttəfiqləri ilə bir neçə görüş keçirib.