Olaf Şolts- Rusiyanın amansız müharibəsi Avropanı birliyə sövq edir, regional münaqişələri aşmağın vaxtıdır
Rusiyanın amansız müharibəsi Avropanı birliyə sövq edir, regional münaqişələri aşmağın vaxtıdır. Bu barədə Almaniya kansleri Olaf Şolts Berlində Qərbi Balkanların altı ölkəsinin liderləri ilə görüşdə bildirib.
“Rusiyanın Ukraynaya qarşı amansız təcavüzkar müharibəsi bizi Avropanın azadlığını və təhlükəsizliyini qorumaq üçün birlikdə olmağa sövq edir. İndi uzun müddətdir davam edən regional münaqişələri aşmağın zamanıdır. Münaqişələr sizi parçaladı və ölkələrinizin Avropa yolunda irəliləməsinə mane oldu. Xüsusilə Serbiya ilə Kosovo arasında münasibətlərin normallaşması prosesi sürətləndirilməlidir. Gəlin bunu edək” – deyə Almaniya kansleri bildirib.
Şolts Qərbi Balkanların altı ölkəsinin azad və demokratik Avropanın bir hissəsi olduğunu qeyd edib.
“Avropa İttifaqına daxil olmanız bizim marağımıza uyğundur. Biz hamımız 20 il əvvəl Salonikidə qaldırdığımız gözləntiləri, vətəndaşlarınız və ölkələriniz üçün Avropa gələcəyi vədini yerinə yetirmək üçün əməkdaşlığı gücləndirməliyik. Bizim işimiz bu vədi reallaşdırmaqdır”- deyə Şolts bildirib.
Almaniya kansleri bu gün Albaniya, Bosniya və Herseqovina, Kosovo, Monteneqro, Şimali Makedoniya və Serbiyanın liderlərini qəbul edib.