Olaf Şolts – Almaniya Ukraynanı maddi baxımdan dəstəkləyəcək və silah tədarükünü davam etdirəcək

16:34, 23.08.2022

 

Olaf Şolts – Almaniya Ukraynanı maddi baxımdan dəstəkləyəcək və silah tədarükünü davam etdirəcək. Bu barədə Almaniya kansleri Krım Platforması Sammitində çıxışı zamanı bildirib.

Şolts bildirib ki, “beynəlxalq ictimaiyyət Ukrayna ərazisinin Rusiya tərəfindən qanunsuz və imperialist işğalını heç vaxt tanımayacağını bir daha açıq şəkildə bəyan edir”.

“Bu sammit bu gün Ukraynanın tərəfdaşlarının həmişəkindən daha çox birlik olduğunu göstərir. Almaniya qətiyyətlə Ukraynanın yanındadır və dəstəyimizə ehtiyacı olana qədər də olacaq. Biz tərəfdaşlarımızla birlikdə misli görünməmiş sanksiyaları dəstəkləməyə davam edəcəyik. Biz Ukraynaya maddi dəstək verəcəyik, silah tədarükünü davam etdirəcəyik. Müassir hava hücumundan müdafiə sistemlərini, raket sistemləri, tonlarca döyüş sursatları, dron əleyhinə sistemlər və zirehli texnikanı əhatə edən yeni paketi işə saldıq. Xəstəxanalarımız yaralı ukraynalıları müalicə etməyə davam edir, sərhədlərimiz, məktəblərimiz və əmək bazarımız Rusiya terrorundan qaçanlar üçün açıqdır. Rusiyanın Ukrayna ərazilərini güc yolu ilə inteqrasiya etmək cəhdlərini qınayırıq”- deyə Şolts bildirib.

Oxşar