Nino Tsilosaninin rəhbərlik etdiyi parlament nümayəndə heyəti Kanadada rəsmi səfərdədir
Gürcüstan parlamentinin nümayəndə heyəti, parlament sədrinin müavini, Kanada parlamenti ilə dostluq qrupunun rəhbəri Nino Tsilosaninin rəhbərliyi ilə Kanadada rəsmi səfərdədir. Bu barədə Gürcüstan Parlamentinin Mətbuat Mərkəzi məlumat yayır.
Səfər çərçivəsində Ottava və Torontoda Kanadanın qanunvericilik və icra hakimiyyəti orqanlarının nümayəndələri ilə yüksək səviyyəli ikitərəfli görüşlər planlaşdırılıb.
Nümayəndə heyətinin üzvləri Kanada Parlamentinin sədri Fransis Skarpalecia ilə görüş keçirəcəklər.
Səfər çərçivəsində gürcü nümayəndə heyəti Kanada Parlamentində Gürcüstanla Dostluq Qrupu ilə görüş keçirəcək. Bu, dostluq qrupu çərçivəsində Gürcüstandan olan parlament nümayəndə heyətinin Kanadaya rəsmi səfər edəcəyi ilk hal olacaq.
Görüşlər həmçinin Senatın və İcmalar Palatasının xarici işlər, beynəlxalq inkişaf və ticarət, insan resursları və sosial inkişaf komitələrində də keçiriləcək. Nümayəndə heyəti ATƏT Parlament Assambleyasındakı Kanada nümayəndə heyətinin rəhbərliyi və Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşlər keçirəcək.
Görüşlərin əsas məqsədi iki ölkə arasında ikitərəfli parlament əlaqələrini gücləndirmək, iqtisadi və ticarət münasibətlərini dərinləşdirmək və regional təhlükəsizlik məsələlərini müzakirə etməkdir.
Səfərin sonunda parlament nümayəndə heyəti Kanadada yaşayan gürcü diasporunun nümayəndələri ilə görüş keçirəcək.
Nümayəndə heyətinin tərkibinə Təhsil, Elm və Gənclər Məsələləri Komitəsinin sədri Mariam Laşxi, Diaspor Komitəsinin sədri İrakli Zarkua, sədr müavini Qoça Enukidze, İdman Komitəsinin sədri Viktor Sanikidze və Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədr müavini Qiorqi Xaxubia daxildir.