Nikoloz Samxaradze - Son 30 il ərzində Gürcüstan və Azərbaycan arasında nümunəvi əməkdaşlıq görürük, qarşılıqlı faydalı tərəfdaşlıq yaratdıq
Nikoloz Samxaradze - Son 30 il ərzində Gürcüstan və Azərbaycan arasında nümunəvi əməkdaşlıq görürük, qarşılıqlı faydalı tərəfdaşlıq yaratdıq

Azərbaycan heç vaxt energetik resursları Gürcüstana qarşı silah kimi istifadə etməyib, əksinə, qarşılıqlı faydalı tərəfdaşlıq yaratmışıq, – bu barədə ABŞ-da keçirilən Suveren Millətlər Alyansı Konfransında panel müzakirəsi zamanı Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze bildirib.

Nikoloz Samxaradze həmçinin Gürcüstanın hidroenerji ehtiyatlarından danışıb və ölkənin elektrik enerjisi istehsalını artırmaq üçün on illik planının olduğunu qeyd edib.

“Enerjidən siyasi silah kimi istifadənin ilk qurbanı biz olmuşuq. Bu, ötən əsrin 90-cı illərində, Rusiya Federasiyası ilə münaqişə zamanı baş verdi. Rusiya enerjidən bizə qarşı silah kimi istifadə etdi və Gürcüstanın enerji təchizatını faktiki olaraq dayandırdı. Xoşbəxtlikdən, bizim əla qonşumuz var, Azərbaycan. 90-cı illərin sonunda Gürcüstan və Azərbaycan prezidentləri qüvvələrini birləşdirmək qərarına gəldilər, çünki Azərbaycan Xəzər dənizində neft hasilatına başlayan və bu nefti Rusiyadan yan keçərək alternativ yollarla ixrac etməli olan ölkə idi.

Biz birləşdik və son 30 il ərzində Gürcüstanla Azərbaycan arasında nümunəvi əməkdaşlığın şahidi olduq. Deyə bilmərik ki, Azərbaycandan asılıyıq, çünki Azərbaycan heç vaxt enerjini Gürcüstana qarşı silah kimi istifadə etməyib. Əksinə, qarşılıqlı faydalı tərəfdaşlıq yaratmışıq. Xəzər dənizindən başlayan neft boru kəməri, qaz boru kəməri Türkiyəyə qədər gedir və üçüncü boru kəməri isə Azərbaycandan keçərək Gürcüstan ərazisi ilə Qara dəniz sahilinə çatır.

Biz inanırıq ki, inkişaf etdirə biləcəyimiz bir çox sahə var. Siz enerji müstəqilliyi barədə soruşdunuz, Gürcüstanda elektrik enerjisi istehsalını artırmaq üçün on illik planımız var. Biz hidroenerji ehtiyatları ilə çox zəngin bir ölkəyik və növbəti on il ərzində Gürcüstanda üç böyük su elektrik stansiyası tikəcəyik ki, bu da ölkənin elektrik enerjisi istehsalını üç dəfə artıracaq. Eyni zamanda, rumın, macar və azərbaycanlı dostlarımızla birlikdə çox vacib bir layihə üzərində işləyirik”, – Samxaradze bildirib.