Nikoloz Samxaradze Koreya Milli Diplomatik Akademiyasında məruzə ilə çıxış edib
Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze parlament nümayəndə heyəti ilə birlikdə Koreya Respublikasının Seul şəhərində rəsmi səfərdədir.
Səfər çərçivəsində Nikoloz Samxaradze Koreya Respublikası Milli Diplomatik Akademiyasının rəhbəri Çoe Hionq Çan ilə görüş keçirib. Görüşdə əsas müzakirə mövzularından biri ikitərəfli diplomatik və siyasi münasibətlərin inkişafı olub.
Görüşdən sonra Diplomatik Akademiya professorları və mütəxəssisləri ilə Qara dəniz təhlükəsizliyi məsələləri üzrə müzakirə aparılıb.
Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri qeyd olunan müzakirədə məruzə ilə çıxış edib. Nikoloz Samxaradze Gürcüstanın təhlükəsizlik çağırışları, regional təhlükəsizlik məsələləri və Ukraynada Rusiyanın təcavüzü barədə danışıb.
“Koreya Diplomatik Akademiyasının professorları və mütəxəssisləri ilə çox maraqlı bir müzakirə aparıldı. Təhlükəsizlik sahəsində mövcud çağırışlar, həmçinin NATO-nun genişlənməsi məsələsi barədə danışdıq. Orta dəhlizin inkişafını və onun əhəmiyyətini müzakirə etdik. Gürcüstanın tranzit və iqtisadi artım potensialı mövzuları xüsusi maraq doğurdu. Suallar Ukraynada davam edən müharibənin Gürcüstanın işğal olunmuş ərazilərinə təsiri, Qafqazda sülh prosesi və Gürcüstanın Orta Asiya və Yaxın Şərq ölkələri ilə münasibətləri ilə bağlı idi”, – Nikoloz Samxaradze bildirib.
Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.