Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Yerevana səfəri çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Görüşdə Gürcüstan və Ermənistan arasında mövcud əlaqələr, strateji tərəfdaşlığın əhəmiyyəti və iqtisadi əməkdaşlığın inkişafı imkanlarından danışıblar.
Tərəflər regional təhlükəsizlik çağırışlarını və bölgədə davamlı və dinc mühitin yaradılmasına töhfə verəcək gələcək addımları müzakirə ediblər.
Parlament nümayəndə heyətinin üzvləri ölkənin Avropa İttifaqına inteqrasiya prosesindən, Gürcüstanın işğal olunmuş bölgələrində mövcud mürəkkəb vəziyyətdən danışıblar, Ermənistan tərəfindən BMT-də “Abxaziyadan, Gürcüstan və Sxinvali regionundan/Cənubi Osetiyadan olan məcburi köçkünlərin və qaçqınların statusu haqqında” qətnaməyə verilən dəstəyə görə xarici işlər nazirinə təşəkkür ediblər.
Ermənistanın xarici işlər naziri Gürcüstanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini təsdiqləyib.
Həmçinin, Cənubi Qafqazda sərhədlərin delimitasiyası-demarkasiyası prosesinin tezliklə başa çatdırılmasının əhəmiyyətinə toxunulub.
Nikoloz Samxaradze gürcü tərəfinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə töhfə verməyə və təcrübə mübadiləsi yolu ilə Ermənistana Avropa İttifaqına inteqrasiya yolunda kömək etməyə hazır olduğunu bir daha qeyd edib.
Xarici Əlaqələr Komitəsinin nümayəndə heyətinin üzvləri Ermənistanın paytaxtı Yerevanda rəsmi səfərdədirlər. Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze nümayəndə heyətinə rəhbərlik edir. Nümayəndə heyətinin tərkibinə daxildir: Xarici Əlaqələr Komitəsi sədrinin birinci müavini Mariam Laşxi; Mədəniyyət Komitəsi sədrinin birinci müavini və Xarici Əlaqələr Komitəsinin üzvü İrakli Mezurnişvili və Ətraf Mühitin Mühafizəsi və Təbii Resurslar Komitəsi sədrinin birinci müavini Xatia Tsilosani.
Məlumatı Gürcüstan Parlamentinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Departamenti yayır.