Nikoloz Samxaradze Azərbaycan Respublikası Milli Məclisinin sədri ilə görüşüb
Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb. Məlumatı Gürcüstan Parlamenti yayır.
“Tərəflər Gürcüstan və Azərbaycan arasında ikitərəfli münasibətləri və strateji tərəfdaşlıq məsələsini müzakirə ediblər. İki ölkə arasında mövcud əla siyasi münasibətlərə və parlament səviyyəsində daim artan əməkdaşlıq dinamikasına xüsusi diqqət yetirilib.
Görüşdə təhlükəsizlik çağırışları ilə dolu beynəlxalq mühitdə birliyin vacibliyi vurğulanıb.
Söhbətin əsas məsələlərindən biri beynəlxalq təşkilatlarda parlament nümayəndə heyətlərinin əməkdaşlığı və Gürcüstan-Türkiyə-Azərbaycan parlamentlərinin Xarici Əlaqələr Komitələrinin üçtərəfli formatının əhəmiyyəti olub.
Milli Məclisin sədri ilə görüşdə Cənubi Qafqazdakı mövcud təhlükəsizlik mühiti, Ermənistan-Azərbaycan sülh prosesinin əhəmiyyəti və Cənubi Qafqaz ölkələrinin iqtisadi inkişafına təsiri müzakirə olunub.
Parlamentin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyəti Gürcüstan-Türkiyə-Azərbaycan Xarici Əlaqələr Komitələrinin illik üçtərəfli görüşünün keçiriləcəyi Bakıda rəsmi səfərdədir. Nümayəndə heyətinə Komitə sədri Nikoloz Samxaradze rəhbərlik edir. Nümayəndə heyətinə Xarici Əlaqələr Komitəsi sədrinin birinci müavini İrakli Şatakişvili, Xarici Əlaqələr Komitəsinin üzvü və Regional Siyasət və Özünüidarəetmə Komitəsinin sədri İrakli Kadaqişvili və Xarici Əlaqələr Komitəsinin üzvü Davit Dolidze daxildir”, – deyə Parlamentin məlumatında qeyd edilib.