Venesuela prezidenti Nikolas Maduro ölkədə “əhalinin hüquqlarının müdafiəsi, respublika institutlarının tam fəaliyyətinin təmin edilməsi və dərhal silahlı mübarizəyə keçid üçün” fövqəladə vəziyyət elan edib. Bu barədə Venesuela hökuməti bəyanat yayır.
“Bütün ölkə bu imperialist təcavüzü məğlub etmək üçün səfərbər olmalıdır,” – hökumətin yaydığı bəyanatda deyilib.
Bununla yanaşı, Venesuela ABŞ-ı hücum etməkdə günahlandırır və “hərbi təcavüzü” pisləyir.
“Belə təcavüz beynəlxalq sülh və sabitliyə, xüsusilə Latın Amerikası və Karib hövzəsinə təhlükə yaradır, milyonlarla insanın həyatı üçün ciddi təhlükə yaradır”, – Venesuela hökumətinin bəyanatında deyilir.
Həmçini qeyd olunur ki, ABŞ-ın təcavüzünün məqsədi ölkənin neft və minerallarını ələ keçirməkdir.
Ağ Ev hücumla bağlı rəsmi bəyanat verməyib. Hərçənd, ondan əvvəl Amerika mediasında ABŞ prezidenti Donald Trampın Venesuela ərazisi daxilində zərbələr endirmək əmri verdiyi barədə məlumat yayılıb. “CBS” telekanalının məlumatına görə, Tramp Venesuelanı bombalamaq əmrini əməliyyat başlamazdan bir neçə gün əvvəl verib. Yayılan məlumata görə, əməliyyatın daha əvvəl başlaması planlaşdırılmışdı, lakin əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. Məlumat üçün bildirək ki, Karakasda partlayış səsləri eşidilir, şəhərin üzərində aşağı hündürlükdə uçan təyyarə görünüb.