Nikol Paşinyan və Vladimir Putin arasında telefon danışığı baş tutub

22:50, 27.07.2026

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Erməni mediasının məlumatına görə, söhbətin əsas mövzusu ölkələr arasında mövcud iqtisadi vəziyyətin yaxşılaşması olub.

Söhbət zamanı Nikol Paşinyan Rusiyanın Ermənistan məhsullarının idxalına qoyduğu qadağanın Rusiya ilə Ermənistan arasındakı hüquqi çərçivəyə zidd olduğunu bildirib və bu məsələlərin həlli üçün tədbirlər görməyi xahiş edib. Onun sözlərinə görə, Ermənistan hökuməti ölkələr arasında mövcud problemli məsələləri açıq, tərəfdaşlığa əsaslanan və dostluq dialoqu yolu ilə həll etməyə hazırdır.

Bununla yanaşı, Ermənistanın baş naziri qeyd edib ki, ölkənin Avropa İttifaqına üzv olması ilə bağlı referendumun keçirilməsi Ermənistan Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciət etdikdən və məsələ praktiki mərhələyə keçdikdən sonra mümkün olacaq.

Telefon danışığı barədə Rusiya tərəfi də məlumat yayıb. “TASS”ın məlumatına görə, Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı tərəflər Ermənistanın Avropa İttifaqına üzv olması və Avrasiya İqtisadi İttifaqının tərkibində qalması barədə referendumun keçirilməsinin vacibliyini müzakirə ediblər.

Kremlin mətbuat xidmətinin məlumatına görə, bu, mümkün qədər tez baş verməlidir.

Oxşar