Nikol Paşinyan - Ermənistanın müstəqillik strategiyasını qəbul etdik, bu strategiya çərçivəsində Azərbaycanla sülhün mümkün olması, Gürcüstan və İranla münasibətlərin dərinləşdirilməsi mümkün olacaq
Nikol Paşinyan - Ermənistanın müstəqillik strategiyasını qəbul etdik, bu strategiya çərçivəsində Azərbaycanla sülhün mümkün olması, Gürcüstan və İranla münasibətlərin dərinləşdirilməsi mümkün olacaq

Biz Ermənistanın müstəqillik strategiyasını qəbul etdik, bu strategiya çərçivəsində Azərbaycanla sülhün mümkün olması, Gürcüstan və İranla münasibətlərin dərinləşdirilməsi mümkün olacaq, – bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbulunun 35-ci ildönümü münasibətilə sosial şəbəkədə dərc etdiyi bəyanatda deyilib.

Paşinyanın qeyd etdiyi kimi, 1990-cı ildə qəbul edilmiş bəyannamə sözügedən sənədin qəbulu zamanı Ermənistanda fəaliyyət göstərən siyasi və intellektual elitanın kollektiv əhval-ruhiyyəsini əks etdirirdi və “Qarabağ hərəkatı”nın izlərini daşıyırdı.

Onun dediyinə görə, bəyannamənin əsas ideoloji müddəaları ziddiyyətli olub və Sovet İttifaqının “dəmir pərdə” və “soyuq müharibə” şəraitində Ermənistanda tədricən və ardıcıl şəkildə tətbiq etdiyi kollektiv vətənpərvərlik modelini ifadə edib. Paşinyanın bildirdiyinə görə, bu ideologiyanın tətbiqində dərin və şüuraltı məqsəd müstəqil Ermənistan dövlətinin mövcudluğunu mümkünsüz etmək idi, çünki münaqişə vəziyyətində olan ölkə əsl müstəqillik qura bilməz.

“Baş nazir kimi mənim üçün əlçatan olan məlumatların və reallığın tam və hərtərəfli təhlili məni sarsılmaz bir inanca gətirdi: biz “Qarabağ hərəkatını” davam etdirməməliyik, çünki bu, Ermənistan Respublikasının müstəqilliyinin ləğvi deməkdir. Bu gün, həmçinin, son 7 ilin tarixini anlamaq baxımından yəqin ki, ən vacib olan bir suala cavab vermək istəyirəm: Niyə 2020-ci ilin sentyabrına qədər – 44 günlük müharibənin qarşısını almağın yeganə nəzəri imkanının mövcud olduğu vaxta qədər – Ermənistan Respublikası, biz, hökumət və şəxsən mən güzəştə getmədik? Bunun əsas səbəbi ondan ibarət idi ki, həmin güzəştlər nəticəsində bizim bütün təhlükələrimiz və asılılıqlarımız qeyri-proporsional şəkildə artacaqdı və bu da Ermənistanın müstəqilliyinin və dövlətçiliyinin itirilməsinə gətirib çıxaracaqdı.Biz Ermənistanın müstəqilliyini qorumaq və bu müstəqilliyi reallığa çevirmək strategiyasını qəbul etdik və həmin strategiyanın ifadəsi “Həqiqi Ermənistan” ideologiyasıdır. Bu ideologiya çərçivəsində Ermənistanla Azərbaycan arasında sülh mümkündür, Türkiyə ilə real dialoq, Gürcüstan və İranla münasibətlərin dərinləşdirilməsi mümkündür və bu çərçivədə biz bütün dünya üçün real və maraqlı tərəfdaşa çevrilirik”, – Paşinyan yazır.