Nikol Paşinyan - Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülh və regional nəqliyyat əlaqələrinin açılması dağ-mədən sənayesində yeni imkanlar yaradacaq
Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh və yaxın gələcəkdə mütləq baş verəcək regional nəqliyyat əlaqələrinin açılması dağ-mədən sənayesində yeni imkanlar yaradacaq – bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Mədən Sənayesi Forumunda bildirib.
Paşinyanın qeyd etdiyi kimi, mis filizinin ixracı Ermənistan iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir, lakin onun sözlərinə görə, ölkədə misəritmə zavodunun yaradılması barədə düşünmək lazımdır.
“Eyni sözlər qızıla da aiddir. Bu da son dərəcə vacib məsələdir. Həmçinin, mineral resurslarımızın öyrənilməsinin vacibliyinə toxunmaq istəyirəm, çünki bu sahədəki biliklərimiz əsasən sovet dövründə əldə olunmuş məlumatlara əsaslanır. Əlbəttə, həmin dövrdə böyük iş görülüb və bunu düzgün qiymətləndirməmək olmaz. Lakin tədqiqat texnologiyaları da dəyişib və indi daha səmərəli texnologiyalar mövcuddur. Biz Ermənistanda geoloji tədqiqatların yeni mərhələsinə başlanmasını müzakirə etməliyik. Hazırda yeni sahələr inkişaf edir, xüsusilə də nadir torpaq metalları sahəsi, hansı ki, çox sürətlə irəliləyir. Bu metallara texnoloji istehsalatda artan tələbat göstərir ki, bu sahədə ciddi investisiya potensialı mövcuddur. Bütün ilkin qiymətləndirmələr Ermənistanda bu istiqamətdə genişmiqyaslı işlərin görülməsinin zəruriliyini ortaya qoyur”, – Nikol Paşinyan qeyd edib.