Nikol Paşinyan “Ermənistan-Azərbaycan sülh prosesini dəstəklədiyinə görə” Vladimir Putinə təşəkkür edib
Nikol Paşinyan “Ermənistan-Azərbaycan sülh prosesini dəstəklədiyinə görə” Vladimir Putinə təşəkkür edib

Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib.

Rusiya mediasının məlumatına görə, Nikol Paşinyan “Ermənistan və Azərbaycan arasında sülh prosesinə töhfə verdiyinə” görə Vladimir Putinə təşəkkür edib və “Yerevanla Bakı arasında münasibətlərin normallaşmasının Yerevanla Moskva arasında münasibətlərin inkişafına töhfə verəcəyinə” ümid etdiyini bildirib.

Medianın məlumatına görə, Paşinyan Putinlə görüş zamanı Cənubi Qafqazda çox mühüm və müsbət hadisələrin baş verdiyini qeyd edib.

“Ermənistan və Azərbaycan arasında sülh prosesinə verdiyiniz dəstəyə görə sizə təşəkkür etmək istəyirəm. Avqustun 8-dən sonra telefon danışığımızda müzakirə etdiyimiz kimi, əldə edilmiş sülh Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar açır”, – Ermənistanın baş naziri bildirib.

Öz növbəsində Vladimir Putin Ermənistanla Rusiya arasında münasibətlərin inkişaf etdiyini bildirib. Onun dediyinə görə, cari ilin 9 ayı ərzində Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 4,5 milyard dollar təşkil edib.

“2024-cü ildə 11 milyard dolları keçməsinə baxmayaraq, cari ilin ilk doqquz ayı ərzində 4,5 milyard dollar təşkil edib”, – Putin bildirib. Vladimir Putinin qiymətləndirməsinə görə, bu, yaxın gələcəkdə artımın davam edəcəyini göstərən yaxşı göstəricidir.