Nikol Paşinyan – Demokratiya həmişə regional əməkdaşlığın xeyrinə işləyir, hazırda Azərbaycanla sülh şəraitindəyik, Gürcüstanla isə dərin və çoxşaxəli münasibətlərimiz var
Mənim gözləntilərim budur ki, Ermənistan qalib gələcək, demokratiya həmişə regional və beynəlxalq əməkdaşlığın xeyrinə işləyir, xoşbəxtlikdən, indi Azərbaycanla sülh, Gürcüstanla çox dərin və çoxşaxəli münasibətlərimiz var, – bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın Birinci Kanalının jurnalistinin sualına cavab olaraq bildirib.
Onun sözlərinə görə, “Trampın marşrutu” regiondakı bütün ölkələrə fayda gətirəcək.
“Həmçinin, Türkiyə ilə razılığa gələcəyimizə, diplomatik münasibətlərin qurulacağına və normallaşacağına dair gözləntim var. Əminəm ki, yaxın gələcəkdə Türkiyə ilə sərhədlər və dəmir yolu əlaqəsi açılacaq. Əlbəttə, beynəlxalq sülh və rifah naminə bu böyük layihə olan ”Trampın marşrutu” regionumuzun bütün ölkələrinə fayda gətirəcək. Nəticədə, artıq yalnız Şərq-Qərb istiqamətli nəqliyyat dəhlizlərimiz olmayacaq. Bu layihə Ermənistan, Gürcüstan, Azərbaycan və İran üçün çox faydalıdır. Bu, həqiqətən də çox vacib bir marşrutdur”, – deyə Paşinyan bildirib.
Ermənistanda bu gün parlament seçkiləri keçirilir və burada qanunverici orqanın doqquzuncu çağırış tərkibi müəyyənləşdirilməlidir.