“New York Times” – ABŞ Suriyadan 600 hərbi qulluqçusunu çıxarır
ABŞ Suriyadan 600 hərbi qulluqçusunu çıxarır, – bu barədə “New York Times” məlumat yayır.
Nəşrin məlumatına görə, amerikan hərbçiləri Suriyanın şimal-şərqində yerləşən səkkiz əməliyyat bazasından üçünü bağlayır, bunun nəticəsində Suriyadakı amerikalı hərbçilərin sayı 2000-dən 1400-ə gədər azalacaq.
Qəzetin yazdığı kimi, Mission Support Site Green Village, MSS Euphrates bazaları və başqa bir kiçik obyekt bağlanacaq.
“New York Times”ın məlumatına görə, Suriyada kontingentin daha da azaldılması ilə bağlı yaxın 60 gün ərzində qərar veriləcək.
Məqalədə qeyd edildiyi kimi, ekspertlər Suriyada ən azı 500 amerikalı hərbçinin qalmasını tövsiyə edir, hərçənd, prezident Donald Tramp buna şübhə ilə yanaşır və amerikan hərbçiləri Suriyada ümumiyyətlə qalmalarını istəmir.
Anonim mənbə “The New York Times”a müsahibəsində deyir ki, Suriyadakı amerikan hərbçilərinin azaldılmasına baxmayaraq, onlar Suriyanın şimal-şərqinə nəzarət edən və eyni zamanda İslam Dövləti qruplaşması ilə mübarizə aparan kürdlərin rəhbərlik etdiyi “Suriya Demokratik Qüvvələri”ni dəstəkləməyə davam edəcəklər.
Martın 10-da “Suriya Demokratik Qüvvələri”nin Suriyanın yeni hökuməti ilə razılığa gəldiyi, onların mülki və hərbi strukturlarının Suriyanın yeni siyasi sisteminə inteqrasiya olunacağı məlum olub.
Bundan əvvəl İsrail mediası ABŞ-ın İsraili amerikalı hərbçilərinin Suriyadan çıxarmaq niyyətində olduğu barədə məlumatlandırdığını yazmışdı. Medianın məlumatına görə, İsrail Vaşinqtonu bu qərara yenidən baxmağa inandırmağa çalışır, çünki bu, Türkiyənin bölgədəki mövqeyini gücləndirəcək, lakin Donald Tramp administrasiyası qərarını dəyişməkdən imtina edir.
Aprelin 16-da İsrailin xarici işlər naziri İsrael Katz bildirib ki, ölkə Qəzza zolağı, Livan və Suriyada işğal olunmuş ərazilərə nəzarəti qoruyub saxlamaq niyyətindədir. Onun dediyinə görə, İsrail ordusu təhlükəsizlik olaraq bilinən zonalarda qalacaq və onları düşmən qüvvələrə qarşı buferə çevirəcək.