Nepalda fəlakətdən doqquz gün sonra xilasedicilər su elektrik stansiyasının tunelindən iki nəfəri sağ çıxarıblar
Nepalda fəlakətdən doqquz gün sonra xilasedicilər su elektrik stansiyasının tunelindən iki nəfəri sağ çıxarıblar. Bu barədə “Reuters” agentliyi məlumat yayır.
Energetika naziri Birac Bhakta Şreşthanın ofisinin yaydığı bəyanatda qeyd olunub ki, su elektrik stansiyasının tunelindən iki fəhlə – Sancay Sahi və Kabir Maharcan çıxarılıb.
Energetika nazirinin köməkçisinin məlumatına görə, Kabir Maharcan əllərini və ayaqlarını tərpədə bilmir, Sancay Sahidə isə ağır xəsarətlər müşahidə olunmur. Onların hər ikisi Katmandu xəstəxanasına yerləşdirilib.
Rəsmi şəxslərin və xilasedicilərin məlumatına görə, avqustun 26-da Trişuli çayının yuxarı axarında buzlaq uçqunu nəticəsində çay boyu yerləşən altı su elektrik stansiyası ilə əlaqəli tunellərdə azı 900 nəfər ilişib qalıb.
Avqustun 26-da Nepalda güclü daşqın baş verib. Fəlakət Nepalda 1200-dən çox insanın həyatına son qoyub, on minlərlə insan isə evini tərk etmək məcburiyyətində qalıb.