Ned Prays – ABŞ, haradan edilməsindən asılı olmayaraq, öz seçkilərinə müdaxiləyə dözməyəcək
ABŞ öz seçkilərinə müdaxiləyə dözməyəcək-bu barədə Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinqdə Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı sualı cavablandırarkən açıqlayıb.
“Biz hamımız bilirik ki, xüsusilə bu gün azad və ədalətli seçkilər Amerika cəmiyyətinin, Amerika demokratiyasının təməl daşıdır. Biz, haradan edilməsindən asılı olmayaraq, seçkilərimizə müdaxiləyə dözməyəcəyik. Biz bunu təkcə sözlərimizlə deyil, həm də əməllərimizlə də göstərdik” – deyə Ned Prays bildirib.
Xatırladaq ki, bundan əvvəl Kreml ilə əlaqəli rus biznesmen Yevgeni Priqojin Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı açıqlama vermişdi: “Cənablar, biz müdaxilə etdik, müdaxilə edirik, edəcəyik. Diqqətlə, dəqiq, cərrahi üsulla və özümüz bildiyimiz kimi”.
Priqojin ABŞ seçkilərinə müdaxilə etdiyi üçün sanksiya siyahısına daxil edilib və Federal Təhqiqatlar Bürosu tərəfindən axtarışa verilib. O, Sankt-Peterburqda əsası qoyulmuş və həmçinin “Troll Fabriki” kimi tanınan “İnternet Araşdırmalar Agentliyi”nin sahibi olaraq bilinir.
Ned Prays həmçinin qeyd edib ki, ABŞ hələ 2018-ci ildə seçkilərə müdaxilə etdiyinə görə Yevgeni Priqojin və onun “İnternet Araşdırmalar Agentliyi”nə qarşı sanksiyalar tətbiq edib, Rusiyaya isə 2021-ci ildə sanksiyalar tətbiq edilib. Bundan əlavə, eyni səbəbdən İrana da məhdudiyyətlər qoyulub.
“Demokratik proseslərimizə müdaxilə etməyə çalışan istənilən ölkə və ya təşkilata qarşı da eyni şeyi etməyə hazırıq”-deyə Dövlət Departamentinin mətbuat katibi bildirib.