NATO sözçüsü - Alyans Almaniyadan hərbçilərin bir hissəsinin çıxarılması qərarı ilə bağlı daha ətraflı məlumat almaq üçün ABŞ ilə fəal şəkildə işləyir
Biz hələ də çəkindirmə və müdafiəni təmin etmək qabiliyyətimizə əminik, – bu barədə NATO sözçüsü Alison Hart sosial şəbəkədə yazır.
Alison Hart ABŞ Müdafiə Naziri Pit Heqsetin ABŞ-ın Almaniya-dan 5 000 amerikalı hərbçini çıxarmaq barədə əmrinə münasibət bildirib.
NATO sözçüsünün yazdığı kimi, bu mərhələdə Şimali Atlantika Alyansı sözügedən qərarla bağlı daha ətraflı məlumat almaq üçün ABŞ ilə fəal şəkildə işləyir.
Onun sözlərinə görə, bu dəyişiklik bir daha göstərir ki, müdafiəyə daha çox investisiya qoyulması zəruridir.
“Bu dəyişiklik bir daha vurğulayır ki, Avropa müdafiəyə daha çox sərmayə qoymalı və ümumi təhlükəsizlik üzrə daha böyük məsuliyyət götürməlidir. Müttəfiqlər ötən il NATO Zirvə Görüşündə ÜDM-in 5%-nin müdafiəyə xərclənməsi barədə razılığa gəldikdən bəri bu istiqamətdə artıq irəliləyiş əldə edilib. Biz hələ də çəkindirmə və müdafiəni təmin etmək qabiliyyətimizə əminik, çünki güclü NATO çərçivəsində daha güclü Avropaya doğru transformasiya davam edir”, – deyə Hart yazır.
ABŞ müdafiə naziri Pit Heqsetin əmrinə əsasən, Almaniyadan 5000 amerikalı əsgərin çıxarılması prosesi 6-12 ay ərzində başa çatacaq.
Almaniyanın müdafiə naziri Boris Pistoriusun bildirdiyinə görə, ABŞ-ın Almaniya da daxil olmaqla Avropadakı hərbi mövcudluğunu azaldacağı gözlənilirdi. Onun sözlərinə görə, Avropa öz müdafiə imkanlarını gücləndirməli və təhlükəsizlik üzrə daha çox məsuliyyət götürməlidir.
Məlumat üçün bildirək ki, ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Fridrix Merts arasında İranla davam edən müharibə ilə bağlı gərginlik artıb. Almaniya kansleri tələbələrlə görüşdə qeyd edib ki, “amerikalıların heç bir strategiyası yoxdur”, buna cavab olaraq Donald Tramp Fridrix Mertsi “dəhşətli” adlandırıb və onun “heç nə başa düşmədiyini” söyləyib.