NATO-nun Vaşinqton sammitinin bəyannaməsi - Rusiyanı Moldova və Gürcüstandan öz qüvvələrini çıxarmağa çağırırıq
Şimali Atlantika Şurasının iclasında iştirak edən dövlət və hökumət başçılarının Vaşinqton sammitinin Gürcüstandan da bəhs edən bəyannaməsi dərc olunub.
“Biz Rusiyanı Moldova və Gürcüstandan onların razılığı olmadan yerləşdirilmiş öz qüvvələrini çıxarmağa çağırırıq”-bəyannamənin 17-ci bəndində deyilir.
Bununla yanaşı, sənəddə Qərbi Balkanlar və Qara dəniz bölgələrindən bəhs edilərkən NATO-nun bu bölgələrin ölkələrinin Avro-Atlantik istəklərini dəstəklədiyi vurğulanır.
Bəyannaməyə əsasən, sözügedən bölgələr alyans üçün strateji əhəmiyyətə malikdir və NATO onların təhlükəsizliyinə və sabitliyinə sadiq qalır.
“Biz islahatları, regional sülhü və təhlükəsizliyi dəstəkləmək, dövlət, eləcə də qeyri-dövlət aktorlarından qaynaqlanan dezinformasiya, hibrid və kiber təhdidlər də daxil olmaqla, zərərli təsirlərə qarşı çıxmaq üçün Qərbi Balkanlarla siyasi dialoqumuzu və praktiki əməkdaşlığımızı dərinləşdirməyə davam edəcəyik. Demokratik dəyərlər, qanunun aliliyi, daxili islahatlar və mehriban qonşuluq münasibətləri regional əməkdaşlıq və Avro-Atlantik inteqrasiya üçün həyati əhəmiyyət kəsb edir. Biz bu istiqamətdə irəliləyişin davamını gözləyirik.
Biz müttəfiqlərin Qara dəniz regionunda təhlükəsizliyin, sabitliyin və azad gəmiçiliyin qorunması məqsədinə xidmət edən regional səylərinə davamlı dəstəyimizi təsdiq edirik, o cümlədən zərurət halında1936-cı ilin Montrö Boğazlar Konvensiyası vasitəsilə. Qara dənizin üç müttəfiq ölkəsi (Türkiyə, Bolqarıstan, Rumıniya) tərəfindən Qara dənizin minalardan təmizləmə qrupunun aktivləşdirilməsini təqdir edirik. Bölgədə inkişaf edən hadisələrin monitorinqinə və qiymətləndirməyə davam edəcəyik, situasiya məlumatlılığımızı daha da gücləndirəcəyik, xüsusən təhlükəsizliyimizə qarşı təhdidlər və təhlükələr halında bölgədəki tərəfdaşlarımızla daha sıx əməkdaşlığın potensial imkanlarına diqqət yetirəcəyik. NATO bu bölgədə maraqlı olan ölkələrin Avro-Atlantik istəklərini dəstəkləyir” – bəyannamədə oxuyuruq.