Natia Turnava Çinin Sənaye və Kommersiya Bankının prezidenti ilə görüşüb
Şanxayda keçirilən simpozium çərçivəsində Gürcüstan Milli Bankının prezidenti Natia Turnava dünyanın ən böyük bankı olan “Industrial and Commercial Bank of China”nın (ICBC) prezidenti Lin Liao ilə görüşüb. Bu barədə Gürcüstan Milli Bankı məlumat yayır.
Milli Bankın məlumatına görə, tərəflər Gürcüstan Milli Bankı ilə ICBC arasında mövcud əməkdaşlıq və onun gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
“Görüşdə Çin qiymətli kağızlarının ticarəti və Çin istiqraz bazarına investisiya qoyuluşu istiqamətində əməkdaşlığın dərinləşdirilməsinə, həmçinin beynəlxalq maliyyə bazarlarındakı cari tendensiyalara və inkişaf perspektivlərinə diqqət yetirilib.
ICBC, aktivlərinin həcmi təxminən 7,6 trilyon ABŞ dolları olan Çinin və dünyanın ən böyük bankıdır. Bank 49 ölkədə fəaliyyət göstərir və beynəlxalq bank sektorunun aparıcı maliyyə qurumlarından biridir.
ICBC, xüsusilə inkişaf etməkdə olan ölkələrin xəzinə istiqrazlarının həm ilkin, həm də təkrar bazarlarında investisiya bankçılığı xidmətləri istiqamətində də aktivdir.
Qeyd etmək lazımdır ki, ICBC həm Gürcüstanın suveren avrobondlarının buraxılmasında, həm də xəzinə qiymətli kağızlarının sindikasiyasında və müntəzəm hərraclarda iştirak baxımından mühüm töhfəyə malikdir”, – Milli Bankın yaydığı məlumatda deyilib.