Mtatsminda parkında “Yeni Şərab Festivalı” keçirilib
Mtatsminda parkında “Yeni Şərab Festivalı” keçirilib

Gürcüstan şərab məhsullarının yerli bazarda təşviqi üzrə dövlət proqramı çərçivəsində Tbilisidə Mtatsminda parkında “Yeni Şərab Festivalı” keçirilib.

Milli Şərab Agentliyi Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi ilə koordinasiyada artıq ikinci ildir ki, dövlət proqramını həyata keçirir. Proqram çərçivəsində bütün ölkə miqyasında şərab sərgiləri, müsabiqələr, festivallar keçirilir ki, bu da gürcü şərabının populyarlaşması, şərab turizminin potensialı və şərab istehlak mədəniyyətinin artması üçün vacibdir.

“Yeni Şərab Festivalı” 2010-cu ildən “Şərab Klubu” tərəfindən təşkil olunur və məqsədi ənənəvi gürcü küp şərabını populyarlaşdırmaq, yeni çeşidlər və şərab anbarlarını kəşf etmək, Gürcüstanda şərab təhsilinin səviyyəsini yüksəltmək, istehlak mədəniyyətini inkişaf etdirməkdir. Bu il festivalda kiçik, orta və iri istehsalçıların 2024-cü ilin məhsulundan 170-ə yaxın şərab təqdim olunub. Tədbir ənənəvi olaraq küpün açılış mərasimi ilə başlayıb.

Qeyd etmək lazımdır ki, festivalın miqyası ildən-ilə artır. Ənənəvi olaraq onu Gürcüstandan və dünyanın müxtəlif ölkələrindən gürcü və əcnəbi şərab mütəxəssisləri və həvəskarları ziyarət edirlər.

Məlumatı Milli Şərab Agentliyi yayır.