MSK- 4 oktyabr seçkiləri üçün seçicilərin ümumi sayı 3 513 818 nəfər təşkil edir
Seçki administrasiyası seçicilərin vahid siyahısı üzərində işini tamamladı. Bu barədə bu gün Mərkəzi Seçki Komissiyasında mətbuat katibi Natia İoseliani brifinq keçirdi.
“İctimaiyyətə məlum olduğu kimi, vahid seçici siyahısının formalaşdırılması müxtəlif qurumlar tərəfindən verilən məlumatlar əsasında həyata keçirilir. Bütün inzibati orqanlara bu prosesdə sıx əməkdaşlıq və koordinasiya üçün təşəkkür etmək istəyirik. Həmçinin, seçicilərə aktivliklərinə görə təşəkkür edirik. Məlumatların yoxlanılması və siyahıların təkmilləşdirilməsi prosesinə verdikləri töhfəyə görə minnətdarıq.
Bələdiyyə orqanlarının 4 oktyabr seçkiləri üçün seçicilərin ümumi sayı 3 513 818-dir. Elektron texnologiyaların istifadəsi ilə seçkilərdə 3 130 348 seçici iştirak edəcək. Bu il ilk dəfə seçkilərdə iştirak etmək imkanı 47 000-ə yaxın gəncə veriləcək. Daşınan qutu tələbiylə seçki administrasiyasına 60 754 seçici müraciət edib. Ölkə miqyasında 3 061 seçki məntəqəsi açılıb, onlardan 2 284 məntəqədə səsvermə elektron üsulla, 777 məntəqədə isə ənənəvi qaydada keçiriləcək. Onların arasında 10 istisna halında yaradılmış məntəqə var ki, bu məntəqə cəzaçəkmə müəssisələrində açılıb.
Seçkilərin elan olunmasından bu günə qədər vahid seçici siyahısındakı məlumatları MSK-nın veb səhifəsi və mobil tətbiqi vasitəsilə seçicilər 600.784 dəfə yoxlayıblar, sürətli ödəniş terminalları vasitəsilə isə 25 avqustdan 16 sentyabra qədər 9.524 dəfə yoxlanılıb. Seçki administrasiyası bütün aidiyyəti qurumlardan siyahıları aldıqdan sonra, həmin məlumatlar işlənib və seçki dairələri və məntəqələri üzrə bölünməsi həyata keçirilib. Hazırda yenilənmiş vahid seçici siyahısı MSK-nın rəsmi veb səhifəsində hər kəs üçün əlçatandır. Burada onu da qeyd etmək vacibdir ki, seçici siyahılarının ictimai informasiya üçün nəzərdə tutulmuş versiyası qeydiyyatdan keçmiş partiyalar və seçki qanunvericiliyi ilə müəyyən edilmiş müşahidəçi təşkilatlar üçün əlçatandır. Siyahının ictimai versiyası ilə tanış olmaq imkanı seçicilərə də birbaşa seçki məntəqələrində verilir.
Seçki ili ərzində seçki administrasiyasından seçicilərin vahid siyahısı müxtəlif vaxtlarda 5 siyasi partiya tərəfindən tələb edilib. Bu isə onu göstərir ki, siyahının əlçatanlığı onun yoxlanılması məqsədilə qanunvericiliyə və beynəlxalq standartlara uyğun şəkildə təmin olunub”, – Natia İoseliani bildirib.