Mövlud Çavuşoğlu – qərbdə Ukraynada müharibənin davam etməsini istəyən dövlətlər var, bunlar NATO üzvü olan ölkələrdir, təkcə Amerikanı nəzərdə tutmuram
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qərbdə Ukraynada müharibənin davam etməsini istəyən dövlətlərin olduğunu bildirib. Bu barədə Türkiyə mətbuatına müsahibəsində Mövlud Çavuşoğlu açıqlama verib.
Türk diplomat Avropada Ukrayna buğdasının ixracına dair razılaşmanı pozmağa cəhd edən ölkələrin də olduğunu bildirib.
“Ukraynanın sərhədlərini və ərazi bütövlüyünü qoruyacaq atəşkəs əldə etmək labüddür. Türkiyə Krım məsələsində və Rusiyanın hücumundan sonra Ukraynanın ərazi bütövlüyünü güclü şəkildə dəstəkləyən ölkələrdən biridir. Qərbdə müharibənin davam etməsini istəyən ölkələr var. Bunlar NATO üzvü olan ölkələrdir. Mən təkcə ABŞ-ı nəzərdə tutmuram. Mən üzv dövlətləri nəzərdə tuturam. Həmçinin, Ukrayna buğdasının ixracı müqaviləsini pozmağa çalışan dövlətlər var idi. Bu ABŞ deyildi. ABŞ-ın töhfəsi belə idi – limanlara daxil olmaq üçün Rusiyanın gübrə ixracına tətbiq olunan maneələrin aradan qaldırılması, bank əməliyyatları . Bu razılaşmanı sabotaj etmək istəyən Avropa ölkələri var idi”- deyə Çavuşoğlu bildirib.