Mövcud məlumata əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları Kesaria Abramidzenin qətlində ittiham olunan şəxsi Kutaisi aeroportuna yaxın ərazidə saxlayıblar
Mövcud məlumata əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları Kesaria Abramidzenin qətlində ittiham olunan şəxsi Kutaisi aeroportuna yaxın ərazidə saxlayıblar

 
Birinci Kanalın jurnalistinin məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları Kesaria Abramidzenin qətlində ittiham olunan Beka Caianini bir neçə saatlıq axtarışlardan sonra Kutaisi aeroportuna yaxın ərazidə saxlayıblar.

Birinci Kanala məlum olduğu üzrə, təqsirləndirilən şəxs qətldən sonra avtomobillə hərəkət edirmiş. Kinoloji Xidmətin iti də Abramidzenin binasının yaxınlığında, ehtimal ki, təqsirləndirilən şəxsin avtomobilə əyləşdiyi yerdə izi itirdi.

Cinayət silahına, bıçağa gəlincə, təqsirləndirilən şəxs onu hadisə yerində qoyub.

Mövcud məlumata əsasən, saxlanılan şəxsi hələlik müvəqqəti yerləşdirmə təcridxanasına aparmayıblar.

Kesaria Abramidzenin qətlində ittiham olunan şəxsin saxlanılması ilə bağlı rəsmi məlumatı Daxili İşlər Nazirliyi bir az bundan əvvəl yaymışdı. İstintaqın məlumatında, qətldən əvvəl qarşılıqlı mübahisə yaşandığı deyilir.

Yayılmış məlumata əsasən, təqsirləndirilən şəxslə Kesaria Abramidze arasında münaqişələr tez-tez baş verirmiş və Abramidze zorakılığın qurbanı imiş.

Qətl Tbilisidə Didi Diğomidə dünən axşam baş verib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 109-cu maddəsinin “t” və “m” bəndləri ilə istintaq aparılır, bu da cinsi zəmində xüsusi amansızlıqla ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürməni nəzərdə tutur.