Moldovada altı telekanalın lisenziyası dayandırılıb

14:24, 18.12.2022

 

Moldovada altı telekanalın lisenziyası dayandırılıb. Bu barədə “Associated Press” məlumat yayır. Tənzimləyici qurumdan qeyd olunduğu üzrə, sözügedən televiziya şirkətləri Ukraynada davam edən müharibə ilə bağlı dezinformasiya yayıb və “ictimai rəyi manipulyasiya etməyə çalışıblar”.

Aşağıdakı telekanalların yayım lisenziyası dayandırılıb: “First in Moldova”, “RTR Moldova”, “Accent TV”, “NTV Moldova”, “TV6”, “Orhei TV”. Məlumata görə, bu telekanallardan dördü Rusiya telekanallarının efirini mütəmadi olaraq təkrar yayımlayırmış.

Buna cavab olaraq “TV6” rəhbərliyi bəyanat yayaraq, telekanalın lisenziyasının “əsassız olaraq dayandırıldığı”nı açıqlayıb. Teleşirkətdə baş verənləri “ifadə azadlığına misli görünməmiş hücum” adlandırıblar.

Rusiya Xarici İşlər Nazirliyində Moldova hakimiyyətinin qərarı “milli azlıqların hüquqlarının pozulması” kimi qiymətləndirilib.

“Associated Press”in məlumatında yayım lisenziyası dayandırılan bəzi kanalların pro-rus “Şori” partiyasının lideri İlan Şorun yaxın müttəfiqlərinə məxsus olduğu deyilir. Bu partiya son bir neçə ayda Kişinyovda bir sıra etiraz aksiyaları təşkil edib.

Moldova prezidenti Maia Sandu teleşirkətlərin lisenziyalarının dayandırılmasının ölkədə sabitliyin pozulmasının qarşısını almaq üçün vacib addım olduğunu bildirib.

“Biz imkan verə bilmərik ki, çağırışlarla dolu bir dövrdə Moldovadan qaçan və yeganə məqsədi ədalətdən qurtulmaq olan insanlar tərəfindən ölkənin təhlükəsizliyi və vətəndaşların dinc həyatı təhdid edilsin” -deyə Sandu bildirib.

“Associated Press”in məlumatında İlan Şorun adının Moldova banklarından bir milyard avronun qanunsuz mənimsənilməsində hallandığı deyilir. Ötən həftə Böyük Britaniya İlan Şora qarşı sanksiyalar tətbiq edib.

Oxşar