Moldova ölkə ərazisinə dronun düşməsi səbəbindən Rusiyadaki səfirini məsləhətləşmələr üçün geri çağırıb
Moldova Xarici İşlər Nazirliyi Krokmaz kəndinə dronun düşməsi səbəbindən Moskvadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Qurumun Facebook-da yaydığı bəyanatda yazdığı kimi, bu hadisə “Moldovanın suverenliyinin və ərazi bütövlüyünün ciddi şəkildə pozulmasıdır” və “ölkə vətəndaşlarının təhlükəsizliyini təhdid edir”.
“Moldova Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzkar müharibəsini və onun ölkəmizin və bütün regionun təhlükəsizliyi üçün nəticələrini pisləyir”, – bəyanatda deyilib.
Məlumat üçün bildirək ki, Moldova polisi 9 avqustda Odessa vilayəti ilə həmsərhəd olan Krokmaz kəndində partlayış baş verdiyini bildirib. Hadisə yerində dron qalıqları tapılıb. Polisin məlumatına görə, dron ağaca çırpılaraq təxminən iki metr yarım hündürlükdə partlayıb, bundan sonra onun qalıqları geniş əraziyə yayılıb. Polis dronun Rusiya və ya Ukraynaya məxsus olub-olmadığını dəqiqləşdirməyib.
Rusiya-Ukraynanın tammiqyaslı müharibəsinin başlamasından bəri bu günə qədər Moldova ərazisində 28 dron və raket qalıqları aşkar edilib.