Moldova Oleq Ozerovun Rusiyanın yeni səfiri təyin edilməsinə razılıq verib

15:48, 12.09.2024

 
Moldova Oleq Ozerovun Rusiyanın yeni səfiri təyin edilməsinə razılıq verib. Bu haqda Moldovanın xarici işlər naziri Mixai Popşoi bildirib.

Moldovanın Xarici İşlər Nazirliyinin nümayəndəsi, Ozerovun namizədliyini bir neçə ay ərzində müşahidə etdiklərini bildirib. Bununla yanaşı, o qeyd edib ki, rus diplomat “bütün lazımi yoxlamalardan” keçib və onun ifadələrində Moldovaya qarşı heç bir bəyanata rast gəlinməyib.

Xarici işlər nazirinin qeyd etdiyi kimi, Rusiyanın Kişinyovdakı səfirinin dəyişdirilməsi standart rotasiya çərçivəsində baş verir. Sələfi Kişinyovda altı il ərzində Rusiyanın səfiri vəzifəsində çalışıb.

Oleq Ozerov şərqşünas, ərəbşünasdır, ingilis və fransız dillərini bilir. Moldovaya təyin edilməzdən əvvəl o, Fransadakı səfirlikdə işləyib.

Məlumat üçün bildirək ki, avqustda Moldova Rusiya səfirliyinin əməkdaşını dövlətə xəyanət şübhəsi ilə aparılan axtarışdan sonra ölkədən çıxarıb.

Oxşar