Moldova hakimiyyəti elektrik enerjisinə qənaət tədbirlərini təsdiqləyib
Moldova hakimiyyəti elektrik enerjisinə qənaət etmək üçün lazımi tədbirləri təsdiqləyib.
Ölkənin Fövqəladə Hallar Komissiyasının sərəncamına əsasən, vətəndaşlara səhər saatlarında liftdən istifadə etməmək, binalarda temperaturun aşağı salınması, eskalatorların fəaliyyətini məhdudlaşdırmaq və evlərin işıqlandırılmasını azaltmaq tövsiyə olunur. Bu barədə Moldova mətbuatı məlumat yayır.
Komissiyanın sərəncamına əsasən, binalarda havanın temperaturu iş saatlarında 19 dərəcəyədək, qeyri-iş saatlarında isə 15 dərəcəyədək endirilməlidir.
Həmçinin binaların daxili işıqlandırmasının 30% azaldılması, fəvvarələrin, dekorasiyaların işıqlandırılması və reklam lövhələrinin söndürülməsi tövsiyə olunur.
Elektrik sobalarından istifadə edən müəssisələrə pik saatlarda onlardan istifadəni məhdudlaşdırmaq tövsiyə olunur.
Yerli və mərkəzi hökumət elektrik enerjisinin kəsilməsinin vətəndaşların təhlükəsizliyinə və sağlamlığına təhlükə yaratmaması üçün elektrik enerjisinə qənaət imkanlarını araşdırmağa çağırılır. Gündüz saatlarında həmçinin çöl işıqlarını söndürmək də tövsiyə olunur.
Xatırladaq ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları Moldovanın enerji təchizatında da problemlər yaradıb, çünki Moldovanın Ukraynadan enerji almaq imkanı yoxdur.