Möhtərəm Şio - Biz dərindən inanırıq ki, bundan sonra ölkəmizin cənnətdə böyük bir şəfaətçisi olacaq və İkinci İlia onun yolunu layiqincə davam etdirməyimiz üçün öz duaları ilə bizə kömək edəcək
Möhtərəm Şio - Biz dərindən inanırıq ki, bundan sonra ölkəmizin cənnətdə böyük bir şəfaətçisi olacaq və İkinci İlia onun yolunu layiqincə davam etdirməyimiz üçün öz duaları ilə bizə kömək edəcək

Biz dərindən inanırıq ki, həzrətlərinin ruhu Rəbbin dərgahında, əllə yaradılmamış və əbədi bir məkanda məskən tapacaqdır və bundan sonra o, bizim və ölkəmizin böyük bir şəfaətçisi olacaq. O, kilsəyə sevgi və sədaqəti, Allaha, vətənə və yaxınlarımıza məhəbbəti, xüsusilə də bizə vəz etdiyi sülh, vəfa, bağışlama və mərhəmət yolunu layiqincə davam etdirə bilməyimiz üçün duaları ilə bizə kömək edəcək, – bu barədə patriarxlıq taxtının varisi, Senaki və Çxorotsğunun mitropoliti Şio Muciri Patriarxın dünyasını dəyişməsindən 40 gün sonra dini mərasim və dəfn mərasimi keçirdiyi Sioni patriarxlıq məbədində vəzində bildirib.

Möhtərəm Şionun vəz zamanı qeyd etdiyi kimi, son 40 gün düşüncə, İkinci İlia həzrətlərinin şəxsiyyətinə yeni bir baxış formalaşdırmaq və eyni zamanda gürcü xalqını yenidən tanımaq günlərinə çevrilib.

“Ümumi Gürcüstanın Katolikos-Patriarxı Iİkinci İlianın dünyasını dəyişməsindən 40 gün ötüb. Biz İncildə atası Yakob üçün 40 günlük dəfn xidməti və yas mərasimi təyin edən müqəddəs patriarx Yosefi xatırlayırıq. Biz də bu 40 gün ərzində Allahın köməkliyi ilə övladlıq borcumuzu imkan daxilində böyük ehtiramla yerinə yetirdik. Bu zaman bizim üçün düşüncə, İkinci İlia həzrətlərinin şəxsiyyətinə yeni bir baxış formalaşdırmaq və eyni zamanda gürcü xalqını yenidən tanımaq günlərinə çevrilib. Onun müqəddəsliyinin vəfatından sonra bərqərar olmuş o qeyri-adi əzəmətlə dolu sükut, şahidi olduğumuz həmin hal, bizdə həm ehtiram, həm sevgi, və yəqin ki, yanılmaram desəm, həm də mənəvi oyanış və yüksəliş hissi yaratdı.

Rəbb bizə Patriarx İkinci İlianın həqiqi simasını – öz sürüsünü Rəbbə doğru aparan əsl mənəvi rəhbər olduğunu göstərdi; o, Musa peyğəmbər kimi xalqımıza mənəvi əsarətdən qurtuluş yolunu göstərir və vəd olunmuş diyara gedən yolu nurlandırırdı. Bu, müqəddəs həvari Pavelin “Mən deyil, artıq məndə İsa Məsih yaşayır” deyə bəhs etdiyi əsl xristianın, əsl mənəvi rəhbərin və əsl ustadın simasıdır. Biz deyə bilərik ki, bəli, Həzrətlərinin daxilində Rəbb İsa Məsih yaşayırdı. Onun fədakarlığında, gündəlik fəaliyyətində və şəxsiyyətində, ölkəmizi ağır vəziyyətdən çıxarmağa, onun dirçəlişinə və xilasına yönəlmiş o böyük xidmətində Rəbb İsa Məsih yaşayırdı. Şahidi olduğumuz bu mənzərə — gürcü xalqının onun sevgisinə verdiyi cavab — məhz bu fədakarlığın nəticəsi və bəhrəsidir. Bu günə qədər həzrətlərinin məzarına insan axını kəsilmir. Hər yaşdan, hər təbəqədən olan insanlar ona öz sevgi və minnətdarlıqlarını bildirmək istəyirlər. Onların arasında gənclərin çoxluq təşkil etməsi nə qədər sevindiricidir; çünki həzrətlərinin qayğısı və sevgisi yaşından, sosial vəziyyətindən və ya fəaliyyətindən asılı olmayaraq hər kəsi əhatə edirdi.

Bu 40 gün ərzində Rəbbimiz İsa Məsihin Diriliş bayramını (Pasxa) qarşıladıq. Bu, Katolikos-Patriarx İkinci İlia həzrətləri olmadan keçirdiyimiz ilk Pasxa bayramı idi. Sanki qəlblərimizi insani zəiflik, kədər və çaşqınlıq bürüyə bilərdi; rəhbərsiz qalmış bir sürü kimi “onsuz halımız necə olacaq” deyə düşünə bilərdik. Lakin onun vəfat etdiyi günlərdə bu ümidsizliyə qalib gəldiyimiz kimi, xüsusən də Pasxa günlərində Rəbbin lütfü və həzrətlərinin duası ilə bizdəki bu kədər və acı, Allaha olan imanın və ümidin böyük ruhu ilə dəf edildi. Bu gün Rəbbimiz İsa Məsihin kəlamlarını hər zamankindən daha güclü hiss edirik: “Diriliş və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayacaq. Mənə iman edib yaşayan isə heç vaxt ölməyəcək”. Müqəddəs Kitabın bizə öyrətdiyi kimi, bu gün Tanrı gözlərimizdəki yaşları siləcək. Çünki artıq nə ölüm, nə yas, nə fəğan, nə də əzab olacaq; çünki salehlərin ruhu Rəbbin yanındadır və əbədi hüzur içindədir. Biz dərindən inanırıq ki, həzrətlərinin ruhu Rəbbin dərgahında, əllə yaradılmamış və əbədi bir məkanda məskən tapacaqdır və bundan sonra o, bizim və ölkəmizin böyük bir şəfaətçisi olacaq. O, kilsəyə sevgi və sədaqəti, Allaha, vətənə və yaxınlarımıza məhəbbəti, xüsusilə də bizə vəz etdiyi sülh, vəfa, bağışlama və mərhəmət yolunu layiqincə davam etdirə bilməyimiz üçün duaları ilə bizə kömək edəcək.

Bu gün qarşınızda danışmaq mənim üçün çətindir və istəyirəm ki, sizinlə birlikdə bu cür ən mürəkkəb onilliklərdə bizə belə bir mənəvi rəhbər (baş çoban) bəxş etdiyi üçün Tanrıya şükür edək. Rəbbə həmd və şükürlər olsun, Müqəddəs Məryəm Anaya da (Tanrı Anasına) mərhəməti və himayəsi üçün həmd və şükürlər olsun. İkinci İlia həzrətlərinə isə mənəvi xidmətinə görə təşəkkür edirəm”, – deyə möhtərəm Şio vəz zamanı bildirib.