Minnesota qubernatoru - Biz inanırıq ki, Donald Tramp bu 3000 təcrübəsiz agenti daha bir insanı öldürməzdən əvvəl Minnesotadan çıxarmalıdır
Biz inanırıq ki, Donald Tramp bu 3000 təcrübəsiz agenti daha bir insanı öldürməzdən əvvəl Minnesotadan çıxarmalıdır, – bu barədə Minnesota qubernatoru Tim Uolz bildirib.
Minneapolisdə baş vermiş hadisədən sonra Minnesota qubernatoru Tim Uolz və Minnesota baş prokuroru Kit Elison Donald Tramp administrasiyasına federal agentlərin ştatdan çıxarılması üçün çağırış ediblər.
“İki Minnesota sakini həlak olub. Planınız nədir, Donald Tramp? Bu federal agentləri ştatımızdan çıxarmaq üçün nə etməliyik? Biz bu ştatda qanun və qaydaya inanırıq. Biz sülhə inanırıq. Biz inanırıq ki, Donald Tramp bu 3000 təcrübəsiz agenti daha bir nəfəri öldürməzdən əvvəl Minnesotadan çıxarmalıdır”, – deyə Uolz bildirib.
Məlumat üçün bildirək ki, Minneapolisdə federal agentlər yenə bir nəfəri öldürüblər. ABŞ Daxili Təhlükəsizlik Departamentinin məlumatına görə, sərhəd xidməti agentləri onlara yaxınlaşan və odlu silah daşıyan kişiyə müdafiə məqsədilə atəş açıblar. Minneapolis polis rəisi Brayen O’Haranın dediyinə görə, öldürülən 37 yaşlı kişi ABŞ vətəndaşı olub. O, silahı qanuni şəkildə əldə etmişdi. Bundan əvvəl oxşar hadisə 7 yanvarda baş verib. Minneapolisdə keçirilən əməliyyat zamanı İmmiqrasiya və Gömrük Xidməti (ICE) agenti avtomobildə olan qadına atəş açıb və onu öldürüb. Bu hadisə ilə bağlı Minneapolisdə artıq 18 gündür etiraz aksiyaları davam edir.