“Milli Hərəkat”ın məlumatına görə, Tina Bokuçava Ağ Evdə Təhlükəsizlik Şurasının nümayəndələri ilə görüşüb
“Milli Hərəkat”ın məlumatına görə, Tina Bokuçava Ağ Evdə Təhlükəsizlik Şurasının nümayəndələri ilə görüşüb

“Milli Hərəkat”ın sədri Tina Bokuçava partiya liderləri ilə birlikdə Ağ Evdə Təhlükəsizlik Şurasının nümayəndələri ilə görüşüb. Bu barədə “Milli Hərəkat” məlumat yayır.

Partiyanın yazdığına görə, söhbətdə Gürcüstandakı mövcud siyasi vəziyyətə, Mixeil Saakaşvili və Levan Xabeişvilinin həbsi məsələsinə toxunulub.

Partiyanın sədri Tina Bokuçava qeyd edib ki, ABŞ-la münasibətləri bərpa etmək üçün gürcü xalqının qərbyönlü bir hökumət tərəfindən təmsil olunması zəruridir.

“Biz Ağ Evdə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının nümayəndələri ilə görüşü indi başa çatdırdıq. Gürcüstanın hər bir vətəndaşına əminliklə demək istəyirəm ki, Gürcüstan, gürcü xalqı, bizim dövlətçiliyimiz və azadlığımız ABŞ üçün çox vacibdir. Onlar həmçinin başa düşürlər ki, əgər Gürcüstanda fundamental hüquqları pozan, öz opponentlərini həbs edən bir rejim mövcuddursa, Cənubi Qafqazda və bizim regionda sülh mümkün deyil. Bunu biz dəfələrlə vitse-prezident Cey Di Vensdən eşitmişik. Bizim ümumi təhlükəsizliyimiz, sülhümüz, firavanlığımız və ABŞ-la münasibətlərin bərpası üçün gürcü xalqının azad dünyanın bir hissəsi olmaq kimi tarixi seçimini yerinə yetirəcək qərbyönümlü, amerikayönümlü və ən əsası milliyönümlü hökumət tərəfindən təmsil olunması vacibdir”, – deyə Tina Bokuçava bildirib.