Milli Bank pul siyasətinin faiz dərəcəsini dəyişməz, 8.0 faizdə saxlayıb
Milli Bank pul siyasətinin faiz dərəcəsini dəyişməz, 8.0 faizdə saxlayıb

Gürcüstan Milli Bankının Pul Siyasəti Komitəsi 2025-ci ilin iyulun 30-da keçirilən iclasında pul siyasətinin faiz dərəcəsini (yenidən maliyyələşdirmə dərəcəsini) dəyişməz saxlayıb. Pul siyasətinin faiz dərəcəsi 8.0 faiz təşkil edir. Məlumatı Milli Bankın mətbuat xidməti yayır.

“2025-ci ilin iyun ayına olan vəziyyətə görə, Gürcüstanda qiymətlərin ümumi səviyyəsi illik 4 faizlə artıb. Hədəf, 3 faizlik göstərici ilə müqayisədə əsasən ərzaq məhsullarının qiymətinin artması inflyasiyanın mülayim artımını şərtləndirir, bu da müəyyən dərəcədə beynəlxalq ərzaq bazarlarında mövcud tendensiyaların və ötən ilki aşağı inflyasiyanın baza effektinin əksidir. İnflyasiya gözləntilərinin sabit olması vacibdir. Konkret olaraq, qiymətlərin dəyişikliyi nisbətən sərt olan və uzunmüddətli inflyasiya gözləntilərini yaxşı əks etdirən xidmət sektorunun inflyasiyası hədəf, 3 faizdən aşağı qalır və 2.3 faizə bərabər olub. Həmçinin, təxminən iki ildir baza inflyasiyası hədəf göstəricidən aşağı səviyyədədir. Paralel olaraq, idxal olunan məhsulların qiymətləri yenə də deflyasiya xarakteri daşıyır, böyük ölçüdə yanacağın qiymətlərinin illik azalması hesabına. Gürcüstan Milli Bankının mərkəzi ssenarisinə əsasən, əvvəlki rübün proqnozuna oxşar olaraq, böyük ölçüdə qlobal tendensiyaları və ötən ilin baza effektini nəzərə almaqla, 2025-ci ildə inflyasiya müvəqqəti olaraq 3 faizlik göstəricinin üzərində qalacaq və orta hesabla 3.8 faiz çərçivəsində olacaq, orta müddətli dövrdə isə hədəf göstərici ətrafında sabitləşəcək.

İqtisadi aktivlik hələ də güclü olaraq qalır. İlkin məlumatlara əsasən, ilk beş ayın orta iqtisadi artımı 8.8 faiz təşkil edib. Bu, böyük ölçüdə iqtisadiyyatın yaxşılaşdırılmış istehsal potensialı ilə şərtlənir, bu da artıq ümumi tələbdən irəli gələn inflyasiya təzyiqini neytrallaşdırır. Fundamental amillərin nisbətən yavaş normallaşması və ilk beş ayda güclü iqtisadi artım fonunda, Gürcüstan Milli Bankının mərkəzi ssenarisi ilə iqtisadi artım proqnozu 2025-ci ildə 6.7 faizdən 7.4 faizə qədər nəzərdən keçirilib.

Qlobal olaraq cari geosiyasi gərginlik fonunda iqtisadi qeyri-müəyyənlik yüksəkdir. Müvafiq olaraq, inflyasiyaya həm artım, həm də azalma istiqamətində təsir edən risklər hələ də əhəmiyyətli olaraq qalır. Bundan irəli gələrək, Pul Siyasəti Komitəsi həm yüksək inflyasiya, həm də aşağı inflyasiya risk ssenarilərini nəzərdən keçirdi. Bir tərəfdən, ABŞ-nin rüsum siyasətinin gündəmi dəfələrlə nəzərdən keçirildi, onun yenidən eskalasiyası da qlobal olaraq iqtisadiyyatın parçalanmasını gözləniləndən daha çox gücləndirə bilər. Bu, qlobal təchizat zəncirlərində fasilələrə gətirib çıxaracaq, bu da staqflyasiya mühiti yaradacaq. Bununla yanaşı, Yaxın Şərqdə geosiyasi vəziyyətin yenidən gərginləşməsi regionun riskliliyini artıracaq və qlobal neft bazarına mühüm təzyiq yaradacaq. Eyni zamanda, yerli iqtisadiyyatın tendensiyaları diqqət çəkir. Xüsusilə, güclü məcmu tələbdən qaynaqlanan inflyasiya təzyiqi. Bu risklərin reallaşdırılması isə mərkəzi ssenari ilə müqayisədə pul siyasətinin faiz dərəcəsinin daha yüksək trayektoriyasını tələb edir.

Digər tərəfdən, Pul Siyasəti Komitəsi aşağı inflyasiya riskləri ssenarisini nəzərdən keçirdi. Bu ssenarinin reallaşması halında əsas proseslər pul siyasətinin faiz dərəcəsinin mərkəzi ssenariyə nisbətən daha aşağı trayektoriyasını tələb edəcək. Xüsusilə, iqtisadiyyatın struktur dəyişiklikləri fonunda məhsuldarlıq nisbətən yüksək səviyyədə qorunub saxlanır. Həmçinin, qeyd olunan ssenaridə dollar indeksinin qlobal miqyasda zəifləmiş mövqeyi və beynəlxalq ərzaq bazarında xammalların qiymətlərinin sürətlə normallaşması nəzərdə tutulur. Bu tendensiyaların qorunub saxlanması halında, möhkəmlənmiş məzənnə və beynəlxalq ərzaq qiymətləri idxal olunan məhsulların aşağı inflyasiyası vasitəsilə ümumi inflyasiyanın azalması istiqamətində təsir göstərəcək.

Makroiqtisadi təhlil və mövcud risklərin qiymətləndirilməsi nəticəsində Pul Siyasəti Komitəsi dərəcənin sonrakı normallaşdırılması istiqamətində ehtiyatlı yanaşmanı qoruyub saxlamağı və pul siyasətinin faiz dərəcəsini dəyişməz, 8%-də saxlamağı optimal hesab edib. Pul siyasətinin faiz dərəcəsinin sonrakı dəyişikliyi yenilənmiş makroiqtisadi proqnoz ssenariləri və risklərin təhlilindən asılı olacaq.

Gürcüstan Milli Bankı qiymətlərin sabitliyini qorumaq üçün bütün vasitələrdən istifadə edəcək, bu isə orta müddətli dövrdə ümumi qiymət səviyyəsi artımının 3%-ə yaxın olması deməkdir” – məlumatda qeyd olunub.

Pul Siyasəti Komitəsinin sonrakı iclası 2025-ci ilin sentyabrın 10-da keçiriləcək.