Milli Bank – Cari ildə dünyada, o cümlədən Gürcüstanda inflyasiyanın artmasının əsas amili yanacaq qiymətlərinin yüksəlməsidir
Milli Bankın göstəricilərinə görə, avqust ayında illik inflyasiya 5,6% təşkil edib, ümumi qiymət səviyyəsi isə iyul ayı ilə müqayisədə 0,4% artıb.
Mərkəzi Bankın məlumatına görə, cari ildə dünyada, o cümlədən Gürcüstanda inflyasiyanın artmasının əsas amili yanacaq qiymətlərinin yüksəlməsidir. Bu dinamika, əsasən, beynəlxalq əmtəə bazarlarında mövcud olan geosiyasi gərginliyin və tədarük zəncirlərindəki fasilələrin nəticəsidir ki, bu da xam neft və neft məhsullarının qiymətlərinə artım istiqamətində təzyiq yaradıb.
Nisbətən sərt qiymət ölçülərinə gəlindikdə isə, qurumun məlumatına görə, istehlak səbətindən dəyişkən ərzaq, enerji daşıyıcıları və siqaret qiymətlərini istisna edən baza inflyasiyası avqust ayında 3.6% təşkil edib, xidmət inflyasiyası isə 4.4%-ə bərabər olub.
“Avqust ayında, ötən ayla müqayisədə yanacağın bahalaşması diqqət çəkir ki, bu da aylıq inflyasiyanı 0.19 faiz bəndi artırıb. Mövsümi amillərlə əlaqədar qarpız, alma, şaftalı və üzümün ucuzlaşması isə aylıq inflyasiyanı ümumilikdə 0.17 faiz bəndi azaldıb. İllik müqayisədə benzin və dizel müvafiq olaraq 23% və 40% bahalaşıb, yanacağın inflyasiyaya ümumi təsiri isə 1.1 faiz bəndi təşkil edir. Ərzaq məhsulları inflyasiyanın artmasına hələ də əhəmiyyətli təsir göstərir, lakin onun payı ilin ilk ayları ilə müqayisədə azalıb. İyul ayında ərzaq və alkoqolsuz içkilərin inflyasiyası 5.0%, inflyasiyadakı payı isə 1.7 faiz bəndi təşkil edib. Bunlardan ən böyük təsir çörək (0.5 faiz bəndi) və mal ətinin (0.5 faiz bəndi) payına düşüb. Digər məhsullardan elektrik enerjisi haqqı (0.5 faiz bəndi) və səhiyyə xərclərinin (0.4 faiz bəndi) payını qeyd etmək olar. Uzunmüddətli istifadə mallarının ucuzlaşması illik inflyasiyanın azalması istiqamətində əhəmiyyətli təsir göstərir. Sırf bəzi məişət texnikalarının (televizor, soyuducu, paltaryuyan maşın) qiymətlərinin düşməsi ümumi inflyasiyanı 0.18 faiz bəndi azaldıb”, -Milli Bankın tədqiqatında qeyd olunur.
Yerli istehsal olan məhsulların inflyasiyasına gəlincə, Milli Bankın hesabatına əsasən, avqust ayında illik inflyasiya 5.9% təşkil edib.
“Yerli inflyasiyaya ən böyük təsiri çörək, ət və pendir qiymətləri göstərir (ümumilikdə 2.9 faiz bəndi). Qarışıq istehsal olunan məhsulların inflyasiyasında (5.3%) ən əhəmiyyətli pay isə elektrik enerjisi haqqı (1.8 faiz bəndi), günəbaxan yağı (0.9 faiz bəndi) və qızıl üzüyün (0.7 faiz bəndi) payına düşürdü. İdxal inflyasiyası 5.7% təşkil edib ki, bu da əsasən yanacaq qiymətlərinin bahalaşması ilə izah olunur”, – Milli Bankın hesabatında deyilib.