Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze erməni həmkarı Anahit Avanesyanla görüşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında, tərəflərin sağlamlığın müdafiəsi istiqamətində birgə layihələri müzakirə etdikləri və tərəfdaşlığın sonrakı dərinləşdirilməsi məsələləri barədə razılığa gəldiyi deyilir. Ermənistan və Gürcüstanda səhiyyə sahəsində cari və planlaşdırılan islahatlara və bu istiqamətdə təcrübə mübadiləsinin əhəmiyyətinə toxunulub.
“Mixeil Sarcveladze nümayəndə heyətinin üzvlərini səhiyyə xidmətlərinə çıxışın yaxşılaşdırılması nöqteyi-nəzərdən mövcud mühüm irəliləyişlərlə tanış edib. Nazir qeyd edib ki, ölkələr arasında təcrübə mübadiləsi pasiyent yönümlü sistemin daha da inkişafına kömək edəcək” – Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.
Ermənistanın səhiyyə nazirinin Gürcüstana səfərindən əvvəl Cenevrədə Ümumdünya Səhiyyə Assambleyası çərçivəsində Mixeil Sarcveladze ilə Anahit Avanesyan arasında daha sıx tərəfdaşlığın gələcək perspektivlərinin müzakirə edildiyi görüş keçirilib.
Nazirlikdə keçirilən görüşdə nazirin müavinləri Tamar Qabunia və Tea Qiorqadze, eləcə də Ermənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Aşot Smbatyan iştirak ediblər.
Ermənistanın Xəstəliklərə Nəzarət və Prevensiya Milli Mərkəzinin baş direktoru Stepan Atoyan, Milli Onkologiya Mərkəzinin direktoru Narek Manukyan, Dərman və Tibbi Texnologiyaların Ekspertiza Mərkəzinin direktoru Arayik Bağriyan, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Armen Melkonyan və nümayəndə heyətinin digər üzvləri Ermənistanın səhiyyə naziri ilə birlikdə Gürcüstanda səfərdə olublar.