Mixeil Sarcveladze 1-ci tip diabetli uşaqların valideynləri və həkimləri ilə görüşüb
Mixeil Sarcveladze 1-ci tip diabetli uşaqların valideynləri və həkimləri ilə görüşüb

Səhiyyə naziri Mixeil Sarcveladze 1-ci tip diabetli uşaqların valideynləri və həkimləri ilə görüşüb.

Səhiyyə Nazirliyinin məlumatına görə, görüşdə insulin təminatı proqramına edilən dəyişiklik müzakirə olunub. Dəyişikliyə əsasən, “Novorapid” preparatı ilə müalicə bu mərhələdə onun analoqu olan, Fransada Sanofi Aventis tərəfindən istehsal edilən “Apidra” insulini ilə davam etdiriləcək.

Onların məlumatına görə, valideynlər sözügedən dərmanla müalicə ilə bağlı ətraflı məlumat alıblar.

“Endokrinoloqların bildirdiyinə görə, “Novorapid” və “Apidra” yüksək keyfiyyətli dərmanlardır və bir preparatdan digərinə keçid, həkimlərin fəal nəzarəti altında, pasiyentlər üçün ağrısız və təhlükəsiz olacaq”, – Səhiyyə Nazirliyinin məlumatında deyilib.

Mixeil Sarcveladzenin qeyd etdiyi kimi, “Apidra” dərmanı Gürcüstanda əlçatandır və təchizat baxımından heç bir gecikmə gözlənilmir. Bununla yanaşı, nazirin dediyinə görə, “Novorapid”in istehsalçısı olan Novo Nordisk şirkətinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi və dərmanla təminatı yaxın zamanda mümkün etməsi üçün danışıqlar davam edir.

Görüşdə həmçinin səhiyyə nazirinin müavini Tea Qiorqadze, parlamentin səhiyyə və sosial məsələlər komitəsinin üzvü İrma Zavradaşvili və Səhiyyə Nazirliyinin nümayəndələri iştirak edirdi.