Mixeil Ğavelaşvili Roma Papası XIV Leo ilə görüş keçirib
Mixeil Ğavelaşvili Roma Papası XIV Leo ilə görüş keçirib

Gürcüstan prezidenti Mixeil Ğavelaşvili Roma Papası XIV Leo ilə görüş keçirib. Prezident bir daha Zati-aliləri Katolik Kilsəsinin rəhbəri seçilməsi münasibətilə təbrik etdi və bildirdi ki, onun papalıq dövrünün başlanğıcı bütün dünya üçün gələcəyə ümidin, mənəvi yenilənmənin və birliyin rəmzidir.

Gürcüstan Prezident Administrasiyasının məlumatına görə, görüşdə tərəflər Gürcüstan ilə Müqəddəs Taxt-Tac arasında mövcud əlaqələri və əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.

Mixeil Ğavelaşvilinin dediyinə görə, xristian dəyərlərinə əsaslanan əlaqə sıx tərəfdaşlıq üçün mühüm təməldir.

Prezident həmçinin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə Roma Papasına təşəkkür edib.

Öz növbəsində Roma Papası XIV Leo Gürcüstan prezidenti ilə söhbəti zamanı dünyada sülhün bərqərar olmasının vacibliyini vurğulayıb və Gürcüstanla mövcud tərəfdaşlığı dərinləşdirməyə hazır olduğunu ifadə edib.

Mixeil Ğavelaşvili katolik kilsəsinin rəhbərini Gürcüstana dəvət edib.