Mixeil Ğavelaşvili - Marko Rubio qeyd edib ki, əvvəlki administrasiya bizə qarşı ən böyük neqativ mövqe sərgiləyib, onlar özləri də bunun qeyri-real olduğunu anlayırlar və hazırda həmin neqativi aradan qaldırmaq prosesindədirlər
Gürcüstan prezidenti Mixeil Ğavelaşvili Qış Olimpiya Oyunlarının açılışına həsr olunmuş tədbirdə ABŞ-ın vitse-prezidenti Cey Di Vens və ABŞ dövlət katibi Marko Rubio ilə görüşü barədə danışıb.
Ğavelaşvilinin sözlərinə görə, onlarla çox isti və səmimi ünsiyyət qurub, o cümlədən işgüzar söhbət də olub.
“İlk gün Beynəlxalq Olimpiya Komitəsinin təntənəli şam yeməyi keçirildi. Orada ölkə liderləri ilə yanaşı, Olimpiya komitələrinin prezidentləri də iştirak edirdilər. Bu, kifayət qədər genişmiqyaslı tədbir idi və bir-birimizlə söhbət etmək imkanı əldə etdik. Bu formatda Marko Rubio və Cey Di Vensin mənə yaxınlaşıb salam verməsi xoş oldu. Qısa, səmimi, isti və pozitiv söhbət baş tutdu. Amerikanın vitse-prezidenti ölkəmiz haqqında çox səmimi fikirlər səsləndirdi. Onun ölkəmizin xristian dövləti olması və adət-ənənələrə sadiqliyimiz barədə nə qədər məlumatlı olduğuna təəccübləndim, hətta Patriarxdan da bəhs etdi. Daha sonra əlavə etdi ki, 17 may Dua Günü çox yaxınlarda təsis edilib. Ona 10 il əvvəl, tam olaraq 17 may tarixinin Patriarxın təşəbbüsü ilə Gürcüstanda Ailə Müqəddəsliyi Günü elan edildiyini deyəndə çox sevindi və məmnun oldu.
O qədər səmimi, isti münasibət var idi ki, bu, nəzərə çarpırdı, düşünürəm ki, ictimaiyyət şəkilləri gördü. Ailə dəyərləri, adət-ənənələr, xüsusən də xristian dəyərləri haqqında danışanda biz gürcülər çox cəsarətliyik, çünki biz bu qədər böyük xristian tarixinə sahib bir xalqıq. Biz də ona dedik ki, bu il 1700 illiyini qeyd edirik və bununla əlaqədar Gürcüstanda kifayət qədər böyük tədbirlər keçirilməlidir. Əlbəttə ki, o, bütün bunları eşitməkdən çox məmnun oldu. Qısa işgüzar söhbət də oldu, onun tərəfdən qeyd edildi ki, bəli, onlar məlumat sahibidirlər və mütləq daha sıx əlaqələrin yenilənməsi baş tutacaq. Təbii ki, dünyada bir çox proseslər gedir. O, məlumatlı olduqlarını, daha çox məlumat aldıqlarını və bu kontekstdə belə bir səmimi söhbətin baş tutduğunu nəzərə alaraq, mütləq bizimlə münasibətləri yeniləməyə çalışacaqlarını bildirdi”, – Mixeil Ğavelaşvili “İmedi bazarı” ilə müsahibəsində bildirib.
Mixeil Ğavelaşvilinin sözlərinə görə, Marko Rubio Cey Di Venslə müzakirə etdiyi məsələdən – ortaq dəyərlərdən və Trampın qələbə qazanmadan əvvəl də, sonra da öz siyasətini məhz bu dəyərlər üzərində quracağı faktından xəbərdar idi.
“Bizim münasibətimiz açıqdır, ictimaiyyətlə danışırıq, bu mərhələdə hər kəs bizim mesajımızı bilir ki, tərəfdaşlarımızla olduğu kimi normal, sağlam münasibətləri qorumaq istəyirik. Təbii ki, ABŞ xüsusi önəm daşıyır, çünki kifayət qədər güclü ölkədir və dünyada dominant mövqeyə malikdir. Strateji tərəfdaşlığımızın olması və məhz əvvəlki administrasiyanın məqsədyönlü əməlləri və bu gün də bir çox prosesi zədələməyə çalışan qüvvələr səbəbindən yəqin ki, onların bu qüvvələrlə mübarizə aparmalı olduqları bu kontekst çərçivəsində müzakirə olunmuşdu. Birbaşa dedi ki, keçən bazar ertəsi məhz bu mövzu ilə bağlı müzakirələrimiz oldu və o qədər böyük neqativ vardı ki, onlara vaxt lazımdır ki, bütün bunlara dərindən baxsınlar, hər şeyi analiz etsinlər və öz ölkələrinə yaraşan şəkildə Gürcüstanla münasibətləri düzgün qursunlar. O, həmçinin bildirdi ki, texniki qrup da hazırlanacaq ki, təhlil edilmiş rejimdə münasibətlərimizi təmiz səhifədən başlamaq mümkün olsun”, – Mixeil Ğavelaşvili bildirib.