Mixeil Ğavelaşvili - Cey Di Vens və Marko Rubio ilə çox səmimi görüşümüz oldu, vitse-prezident Gürcüstanın xristianlığa tarixi bağlılığını bilirdi və patriarxı da xatırlatdı
ABŞ-ın vitse-prezidenti Cey Di Vens və ABŞ dövlət katibi Marko Rubio ilə görüşdə ortaq dəyərlərimiz vurğulandı, – bu barədə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili bildirib.
Ğavelaşvilinin qeyd etdiyi kimi, ABŞ ilə münasibətlərin dinamik şəkildə davam edəcəyinə ümid edir.
“ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə danışmaq imkanı əldə etdik. Çox səmimi görüşümüz oldu. Bilirsiniz ki, mövcud administrasiya ilə, o cümlədən milli maraqlar və ailə dəyərləri sahəsində, ortaq dəyərlərimiz var. Cey Di Vens ölkəmizə qarşı xoş sözlərdən çəkinmədi, Gürcüstanın xristianlığa tarixi bağlılığını bilirdi və patriarxı da xatırlatdı. Görüşdə ortaq dəyərlərimiz vurğulandı.Ümid edirəm ki, münasibətlərimiz bu görüşdən aldığımız təəssürat kimi, qarşıdakı illərdə də dinamik şəkildə davam edəcək”, – Ğavelaşvili bildirib.